Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir.
#Prezident İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir.
Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidin şəhid olduğu yer mənim üçün torpaq idi. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsinin, müharibənin noyabrın 10-da dayandırılmasının mümkün itkilərin qarşısının alınması ilə bağlı olduğunu qeyd edərək bildirib: “Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi”.
Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Ümumi inkişafımız üçün hər bir insanın, xüsusilə vəzifə sahibinin ürəklə işləməli olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Xüsusilə belə möhtəşəm və tarixi Zəfərdən sonra cəmiyyətdə indi bu qədər xoş əhvali-ruhiyyə var. Biz hamımız son beş ili, necə deyərlər, qürurlu, xoşbəxt insanlar kimi yaşayırıq. Ona görə biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.
Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq. “Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil. Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur”, - deyə Prezident əlavə edib.
Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib: “Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”.
Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”, - deyə dövlətimizin başçısı bildirib.
Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub”, - deyə dövlətimizin başçısı bildirib.
Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.
Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm quruda, həm də dənizdə, o cümlədən azad edilmiş torpaqlarda. “Hazırda bizim əsas vəzifəmiz enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirməkdir. Çünki mövcud olan planlara görə, 2030-cu ilə qədər 6000 meqavat, 2032-ci ilə qədər isə 8000 meqavat Günəş, külək və su enerjisi bizim sistemimizə daxil ediləcək. Yəni bunu qəbul etmək, həzm etmək üçün biz enerji sistemimizi gücləndirməliyik. Buna “Energy Grid” deyirlər”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. “Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur”, - deyən dövlətimizin başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.