#Prezident İlham Əliyev

Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji, investisiyalar və hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edən yeni birgə layihələrin daha da inkişaf etdirilməsi ilə bağlı planları müzakirə ediblər.

Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci Antalya Diplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb. ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları, akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək qeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobal problemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıq məsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsində əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Başsağlığında deyilir: Hörmətli cənab Prezident. Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.