#Energetika Nazirliyi

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir. Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir. Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Ötən il Azərbaycandan Suriyaya 0,5 milyard kubmetr təbii qaz ixrac edilib. Ümumilikdə isə, 2025-ci ildə Azərbaycandan qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Hesabat ilində ixrac edilmiş qazdan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana nəql edilib.

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb. Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır. Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur.

Energetika Nazirliyində növbəti enerji auditoru ixtisası attestatının təqdim olunması məqsədilə görüş keçirilib. Görüşdə iştirak edən energetika nazirinin müavini Elnur Soltanov “MSN Enerji Xidmətləri” MMC-nin nümayəndəsi Ağaliyev Nicat Namiq oğluna binalarda (qurğularda) enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatını təqdim edib.

Energetika naziri Pərviz Şahbazovla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon arasında görüş olub. Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə energetika nazirinin ABŞ-yə səfərinin nəticələri nəzərdən keçirilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatında növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.