#Bakı

Azərbaycan milli futbol komandası bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da start götürəcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci il “Formula-1” dünya çempionatının 16-cı mərhələsi olan İtaliya Qran-prisinin qalibi olub. İkinci və üçüncü yerləri “McLaren” komandasının sürücüləri – britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastri tutublar. Qeyd edək ki, növbəti mərhələ 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək.

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. AzerVoice xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Sentyabrın 4-də Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək. Bu barədə AzerVoice Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur. Forum çərçivəsində, həmçinin, SOCAR Əliağa terminalına səfər planlaşdırılır. Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.

ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

"Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib", - deyə məlumatda qeyd edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib. İlk qatar bu gün saat 07:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb. Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Azərbaycan təmsilçisi Qarabağ bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində Macarıstanın Ferentsvaroş klubu ilə qarşılaşacaq. İlk görüşdə təmsilçimiz Macarıstanda 1-3 hesabı ilə qalib gəlib və Çempionlar Liqasına bir addım daha yaxınlaşıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.