Biznes

Omanın kommersiya banklarının verdiyi kreditlərin həcmi iyun ayının sonunda depozit bazasını üstələyərək kredit-depozit nisbətini (LDR) 102,9 faizə çatdırıb. Oman Mərkəzi Bankının (CBO) aylıq statistik bülleteninə istinadən ONA agentliyinin yaydığı məlumata görə, özəl sektor depozitləri illik müqayisədə 12,45 faiz artaraq 19,37 milyard Oman riyalına (50,4 milyard dollar) yüksəlib.

Qətər Ticarət və Sənaye Palatası Braziliyanın San-Paulu şəhərində keçirilən 5-ci "Ərəb-Braziliya İqtisadi Forumu"nda təmsil olunub. Forum ərəb ölkələri ilə Braziliya arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün rəsmiləri, özəl sektor təmsilçilərini və iş adamlarını bir araya gətirib.

Səudiyyə Ərəbistanında yeni tədris ilinin başlaması ilə əlaqədar təhsillə bağlı xərclərin iki dəfədən çox artması fonunda 22 avqustda başa çatan həftə ərzində ümumi istehlak xərcləri 3.8 milyard dollar səviyyəsində qərarlaşıb. Səudiyyə Ərəbistanı Mərkəzi Bankının (SAMA) rəsmi məlumatlarına görə, qeyd olunan həftədə POS terminallar vasitəsilə həyata keçirilən əməliyyatların ümumi dəyəri əvvəlki həftə ilə müqayisədə cüzi (0.1 faiz) azalaraq 14.17 milyard Səudiyyə riyalı (3.78 milyard dollar) təşkil edib; əməliyyatların sayı isə 4.9 faiz azalaraq 237.35 milyona düşüb.

Səudiyyə Ərəbistanının fintex şirkətləri tərəfindən sənaye layihələrinə ayrılan maliyyə vəsaitlərinin həcmi 2026-cı ilin birinci yarısında 130 faiz artaraq rekord həddə - 541 milyon Səudiyyə riyalına (təxminən 144 milyon dollar) çatıb. Bu sıçrayış hökumətin istehsalçılar üçün alternativ maliyyə mənbələrinə çıxışı genişləndirməsi fonunda baş verib.Sənaye və Mineral Ehtiyatlar Nazirliyinin məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 234 milyon riyal təşkil etmişdi.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daşınmaz əmlak sektoru 2026-cı ilin birinci yarısında güclü inkişaf dinamikasını qoruyub saxlayıb. Əbu-Dabidə əməliyyatların ümumi dəyərində 112 faizlik artım qeydə alındığı halda, Dubayda ümumi dəyəri 111 milyard BƏƏ dirhəmini (30.2 milyard dollar) ötən 104 layihə tamamlanıb. Şarja, Əcman və Ras əl-Xeymə əmirliklərində də altı ay ərzində yüksək bazar aktivliyi müşahidə olunub. Xarici investisiyalar və investor bazasının genişlənməsi ölkə üzrə əmlak bazarına olan tələbatı gücləndirib. Yerli və beynəlxalq tələbat, müxtəlif əmlak məhsulları və yeni layihələr sayəsində sektor 2026-cı ilin ikinci yarısına möhkəm zəmində daxil olub.

Dünyanın idarə olunan aktivlərin həcminə görə ən böyük suveren fondu olan Norveç Suveren Sərvət Fondu 2026-cı ilin birinci yarısının sonuna qədər Küveyt aktivlərinə təxminən 677.6 milyon dollar sərmayə qoyub. Bu rəqəm fondun iyunun sonunda 22.68 trilyon Norveç kronuna (təxminən 2.2 trilyon dollar) çatan ümumi portfelinin kiçik bir hissəsini təşkil etsə də, Küveyt bazarında qalması qlobal investorların ölkənin potensialına olan marağının göstəricisi hesab olunur.

"Red Sea Gateway Terminal" (RSGT) şirkəti və Fransanın "CMA CGM" gəmiçilik qrupu Ciddə İslam Limanında dördüncü terminalın inkişaf etdirilməsi və idarə olunması məqsədilə ilkin investisiya dəyəri təxminən 434 milyon dollar (1.6 milyard riyal) olan birgə müəssisənin yaradılmasına dair yekun sazişləri imzalayıb. Sazişlər Parisdə, Səudiyyə Ərəbistanı–Fransa İnvestisiya Dəyirmi Masası çərçivəsində, Vəliəhd və Baş nazir Şahzadə Məhəmməd bin Salman ilə Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə imzalanıb.

Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda büdcə kəsirinin bu il ümumi daxili məhsulun (ÜDM) 6.2 faizinə qədər genişləndikdən sonra, neft və qeyri-neft gəlirlərinin bərpası fonunda 2027-ci ildə 4.3 faizə qədər azalacağı gözlənilir. 2026-cı il üzrə "Brent" markalı neftin qiymət proqnozunun ABŞ-İran anlaşmasından sonrakı ucuzlaşma nəticəsində bir barel üçün 88 dollardan 84 dollara endirilməsi ilə əlaqədar olaraq, region üzrə builki kəsir proqnozu 5.7 faizdən 6.2 faizə yüksəldilib.

Kriptovalyuta vasitəçiliyi ilə məşğul olan "Bits of Gold" şirkəti məlumatların təhlili üzrə xarici şəbəkəyə edilən kiberhücum nəticəsində təxminən 200 min müştərisinin fərdi məlumatlarının hakerlər tərəfindən oğurlandığını açıqlayıb. Baş ofisi Təl-Əvivdə yerləşən şirkətin bildirdiyinə görə, haker müştərilərin adlarına, milli şəxsiyyət vəsiqəsi nömrələrinə, e-poçt ünvanlarına, telefon nömrələrinə, IP ünvanlarına, habelə bank hesabı təfərrüatlarına və açıq cüzdan ünvanlarına icazəsiz giriş əldə edə bilib.