İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə qarşı quru əməliyyatı başlamazdan əvvəl bölgədə saxlanılan israilli əsirlərlə bağlı iclas keçirəcək. AzerVoice-un məlumatına görə, iclasda quru hücumu zamanı əsirlərə zərər dəyməməsi üçün görüləcək tədbirlər, eləcə də digər məsələlər müzakirə olunacaq. Toplantıda müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, strateji məsələlər naziri Ron Dermer, millət vəkili Aryeh Deri, Baş Qərargah rəisi Eyal Zamir və milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi iştirak edəcək.
#Eyal Zamir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb. Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib. “Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.
İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında “Gideon Arabaları” əməliyyatının ikinci mərhələsinin başladığını elan edib. O bildirib ki, əməliyyatın məqsədi müharibənin hədəflərinə çatmaq üçün döyüşlərin intensivləşdirilməsi və hərbi manevrlərin dərinləşdirilməsidir. “Əsirlərin geri qaytarılması həm mənəvi, həm də milli vəzifədir. Biz HƏMAS-ın əsas dayaq nöqtələrinə zərbələr endirməyə davam edəcəyik və onun hər yerdə sıxışdırıldığını hiss etməsinə səbəb olacağıq” – deyə, Zamir vurğulayıb.
İsrailin Baş Qərargah rəisi Eyal Zamir xəbərdarlıq edib ki, Qəzza şəhərinə nəzarəti ələ keçirmək planı nəticə etibarilə bölgənin İsrailin hərbi hökuməti tərəfindən idarə olunmasına gətirib çıxara bilər.
İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.
İsraildə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi rəhbərliklə təhlükəsizlik orqanlarının – ordu, xarici kəşfiyyat xidməti (Mossad), ordunun Hərbi Kəşfiyyat İdarəsi (Aman) və Daxili Təhlükəsizlik Xidməti (Şabak) – rəhbərləri arasında gedən açıq ixtilaflar, Qəzza şəhərinin və ya zolaqdakı digər mövqelərin tutulub-tutulmaması məsələsindən çox daha genişdir.
Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.
İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərinin hərtərəfli işğalı üçün plan hazırlayıb. Plana əsasən, təxminən 100 min əsgərin iştirakı ilə hücum həyata keçiriləcək və qoşunlara havadan dəstək veriləcək. Məqsəd əvvəlcə şəhəri mühasirəyə almaq, daha sonra isə tamamilə ələ keçirməkdir. İsrail mətbuatının yazdığına görə, Zamir planın mümkünlüyünü qiymətləndirmək üçün Qəzza zolağına da səfər edib. Artıq ordunun hücumlarını intensivləşdirdiyi şəhərdən mülki əhalinin çıxmağa başladığı bildirilir.
İsrail Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxışı zamanı İranı hədələyib. O, “Lazım gələrsə, yenidən İrana hücum etməyə hazırıq” deyərək, Tehrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü vurğulayıb.
İsrail ordusu Qəzza şəhərinin işğalı planı çərçivəsində 80-100 min ehtiyat əsgəri səfərbər etməyi nəzərdə tutur. “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhəri də daxil olmaqla bölgənin işğalı üçün hücum planının əsasını təsdiqləyib. Plan təsdiqləndikdən sonra Zamirin müəyyən etdiyi ilkin çərçivəyə əsasən ehtiyatda olan on minlərlə hərbçiyə çağırış göndəriləcək. Qəzza şəhərinin qərb hissəsində hündürmərtəbəli binalara hücumlar, HƏMAS-ın təchiz etdiyi iddia edilən qruplara qarşı əməliyyatlar və hücum manevrləri ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdiriləcəyi bildirilir.
Cənubi Sudan Qəzza zolağının sakinlərini ölkədə məskunlaşdırmaq üçün İsraillə danışıqlar apardığına dair xəbərləri təkzib edib. Bu barədə Cənubi Sudan Xarici İşlər Nazirliyi bəyanat yayıb.