#Türkiyə-HƏMAS əlaqələri

Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Büro üzvü Xəlil əl-Həyyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə Ankarada görüşüb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, bu gün Ankarada keçirilən görüşdə Qəzzadakı mövcud vəziyyət ətraflı şəkildə müzakirə olunub. Xüsusilə Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Hakan Fidan Türkiyənin fələstinlilərin hüquqlarını beynəlxalq platformalarda qətiyyətlə müdafiə etməyə davam etdiyini vurğulayıb. O, Qəzzada yaşanan humanitar faciənin yüngülləşdirilməsi məqsədilə Türkiyənin həyata keçirdiyi sığınacaq və humanitar yardım fəaliyyətləri barədə nümayəndə heyətinə məlumat verərək, bölgədə yaraların sarılması istiqamətində Ankaranın mövqeyinin dəyişməz olduğunu bildirib.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri, Türkiyənin Qəzzada yaradılacaq beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama verib. Nazirlik, Türk Silahlı Qüvvələrinin barışın bərqərar olunması və qorunmasında böyük təcrübəyə sahib olduğunu və üzərinə düşəcək hər cür vəzifəyə hazır olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın, HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasının yerində tətbiqini izləyəcək beynəlxalq qüvvədə Türkiyənin də iştirak edəcəyini açıqlamasının ardından, Ankara hökumətinin bu prosesə necə töhfə verəcəyi diqqət mərkəzinə çevrilib.

HƏMAS, Türkiyənin Fələstin xalqına və Qəzza zolağına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edən bəyanat yayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən Qəzza sessiyasının yekunlarına dair açıqlama verən HƏMAS, Türkiyənin İsrailə qarşı ticarət əlaqələrini kəsməsi və hava məkanını bağlaması qərarını yüksək qiymətləndirib. TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə keçirilən fövqəladə iclasda İsrailin Qəzzaya hücumları, Fələstin xalqına qarşı soyqırım və zülm siyasətləri müzakirə edilib. HƏMAS-ın bəyanatında Türkiyənin bu məsələdəki qəti mövqeyi və İsrailə qarşı tətbiq etdiyi sanksiyalar təqdir olunub. Xüsusilə, xarici işlər naziri Hakan Fidanın İsrailə ticarət əlaqələrinin kəsilməsi, limanların və hava məkanının bağlanması ilə bağlı açıqlamaları vurğulanıb.