Səudiyyə Ərəbistanında aparılan arxeoloji araşdırmalar ölkənin minilliklər boyu insan məskunlaşmasının və sivilizasiyaların mühüm mərkəzlərindən biri olduğunu göstərən yeni sübutlar ortaya çıxarıb.
Ölkənin müxtəlif bölgələrində aparılan qazıntılar zamanı daş dövrünə aid alətlər, qədim yaşayış məskənləri, qayaüstü rəsmlər, yazılar, məzarlar və qədim su sistemləri aşkarlanıb. Tədqiqatlar Ərəbistan yarımadasının yalnız qədim ticarət yollarının keçdiyi ərazi deyil, həm də uzunmüddətli məskunlaşma və mədəni mübadilə məkanı olduğunu göstərir.
Səudiyyənin Xeybər, Teyma, Əl-Ula, Əl-Hicr, Fəv, Hima və Mədinət əz-Zəhəb kimi ərazilərində aparılan araşdırmalar müxtəlif dövrlərə aid mühüm irs nümunələrini üzə çıxarıb. Xüsusilə Əl-Ula və Əl-Hicrdəki qədim məzarlar, Teymadakı arami yazıları və Himadakı minlərlə qayaüstü kitabə bölgənin qədim sivilizasiyalar arasında əlaqələrdəki rolunu göstərir.
Səudiyyə Ərəbistanı 2025-ci ildə 68 arxeoloji ərazidə 25-dən çox beynəlxalq ekspedisiyanın iştirakı ilə tədqiqatlar aparıb. Bundan başqa, ölkə daxilində 75 yerli ekspedisiya fəaliyyət göstərib.
Araşdırmalar zamanı dəniz arxeologiyası üzrə də yeni məlumatlar əldə edilib. Qırmızı dəniz və Ərəb körfəzində 1 293 sualtı irs obyekti qeydə alınıb.
Səudiyyə Ərəbistanı 2025-ci ilə qədər ölkədən çıxarılmış 8 500-dən çox arxeoloji artefaktı geri qaytardığını açıqlayıb. Bu proses milli irsin qorunması və tarixi əsərlərin mənşə ölkəsinə qaytarılması siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.