Səudiyyə Ərəbistanında aparılan arxeoloji araşdırmalar ölkənin minilliklər boyu insan məskunlaşmasının və sivilizasiyaların mühüm mərkəzlərindən biri olduğunu göstərən yeni sübutlar ortaya çıxarıb. Ölkənin müxtəlif bölgələrində aparılan qazıntılar zamanı daş dövrünə aid alətlər, qədim yaşayış məskənləri, qayaüstü rəsmlər, yazılar, məzarlar və qədim su sistemləri aşkarlanıb. Tədqiqatlar Ərəbistan yarımadasının yalnız qədim ticarət yollarının keçdiyi ərazi deyil, həm də uzunmüddətli məskunlaşma və mədəni mübadilə məkanı olduğunu göstərir.
#Qayaüstü rəsmlər
Ərəbistan yarımadası çox vaxt sonsuz səhralar və quraqlıqla tanınsa da, müasir araşdırmalar göstərir ki, bu mənzərə tarixi dövrlər ərzində dəyişkən olub. Buzlaşma və Holosen dövrlərində bölgə göllər, mövsümi çaylar və yaşıllıqlarla zəngin oazislərə çevrilib, bu da insanın ilkin məskunlaşması və həyat tərzinin formalaşmasına təsir göstərib. Yeni elmi kəşf bu nəzəriyyələri bir daha təsdiqləyib. Səudiyyə Ərəbistanında dəvələri, ceyranları və digər heyvanları natural ölçüdə təsvir edən qayaüstü rəsmlər aşkar edilib. Bu təsvirlərin yaşı 12 800 ilə 11 400 il əvvələ gedib çıxır.