Siyasət

SOCAR-ın Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrində hava həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqlar yaradılıb. Məlumata görə, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rovno, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlar hava hücumu siqnalı zamanı istifadə edilə bilər.

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək. Xanım nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasında iştirak edəcək.

Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları 15 fevral 2026-cı il tarixindən etibarən Azərbaycan Respublikasına vizasız gəliş hüququ əldə ediblər. Yeni qaydalara görə, güzəşt müddəti ərzində Səudiyyə Ərəbistanı vətəndaşları Azərbaycana viza almadan üç dəfə giriş edə bilərlər. Hər giriş zamanı ölkə ərazisində qalma müddəti 30 günə qədər müəyyən edilib. Bu qərarın iki ölkə arasında həm turizm, həm də biznes əlaqələrinin daha da genişlənməsinə stimul verəcəyi gözlənilir.

Azərbaycanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulması bir neçə strateji amillə izah olunur. Analitik bildirib ki, ilk növbədə Azərbaycanla ABŞ arasında son dövrlərdə formalaşan strateji tərəfdaşlıq münasibətləri bu qərarın əsas səbəblərindəndir. Onun sözlərinə görə, ötən ilin avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh sazişinin paraflanması, bu ilin fevralında isə ABŞ vitse-prezidenti Cey di Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial media hesabında yazıb.

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olaraq şuranın qətnaməsini imzalayıb. Sülh Şurasının üzvləri şuranın fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü və şəffaflıq prinsiplərini müəyyənləşdirən qətnaməyə səs veriblər. Qətnamə yekdilliklə qəbul edilib. Daha sonra liderlər ianə toplama öhdəliklərinə imza atan Donald Trampa qoşulublar.