Siyasət

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi 26 fevral Xocalı Soyqırımının ildönümü ilə əlaqəli paylaşım edib. Bu barədə Türkiyə XİN rəsmi "Facebook" səhifəsində anım mesajı yayımlayıb. Nazirliyin paylaşımında 1992-ci ilin fevralın 26-da Xocalıda qətlə yetirilən soydaşlarımızın xatirəsi ehtiramla yad edilib. Paylaşımda qeyd olunub: "26 fevral 1992-ci ildə Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın əziz xatirəsini hörmət və rəhmətlə anır, Can Azərbaycanın acısını daima qəlbimizdə hiss edirik."

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib. X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. Paylaşımda "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin" sözləri yer alıb.