BAKI,VOA Orxan Qədirzadə
Əfqanıstanda uşaqlar arasında kəskin qida çatışmazlığı kritik həddə çatıb və humanitar maliyyələşmənin azalması səbəbindən ərzaq yardımlarının məhdudlaşdırılması uşaq ölümlərinin artmasına səbəb olur. Bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.
Qurumun açıqlamasına görə, hazırda Əfqanıstanın 34 vilayətindən 12-də uşaqlar arasında kəskin qida çatışmazlığı kritik səviyyəyə yüksəlib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
WFP-nin Əfqanıstan üzrə ölkə direktoru Con Ayliff bildirib ki, vəziyyət təcili müdaxilə tələb edir.
"Uşaq ölümlərinin artmasının qarşısını almaq üçün dərhal hərəkətə keçməliyik. Təəssüf ki, artıq çox sayda uşaq üçün gecdir", – deyə o vurğulayıb.
BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Olqa Çerevko isə bildirib ki, bu il ölkənin dörddə üçündən çoxunda uşaqlar arasında ağır qida çatışmazlığı halları daha da pisləşib.
Onun sözlərinə görə, səhiyyə müəssisələrinə gətirilən uşaqların əksəriyyəti artıq ağır vəziyyətdə olur, bəziləri isə tibbi yardıma çatdırılmadan həyatını itirir.
3,7 milyon uşaq risk altındadır
WFP-nin hesablamalarına əsasən, 2026-cı ildə Əfqanıstanda təxminən 3,7 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkəcək. Bundan əlavə, 1,2 milyon hamilə və süd verən qadının da qidalanma dəstəyinə ehtiyacı olacaq.
Agentlik böhranın əsas səbəbləri kimi uzunmüddətli münaqişələr, işsizlik, ərzaq qiymətlərinin bahalaşması, yoluxucu xəstəliklər, təmiz su və sanitariya problemləri, eləcə də humanitar maliyyələşmənin azalmasını göstərir.
Yardımların azalması səhiyyə xidmətlərini də zəiflədib
WFP-nin məlumatına görə, 2025-ci ildə maliyyə çatışmazlığı səbəbindən 142 qidalanma və sağlamlıq mərkəzi fəaliyyətini dayandırıb. Nəticədə 13 mindən çox uşaq müalicəvi qidalanma proqramlarından məhrum olub.
Qurum konkret donor ölkənin adını çəkməsə də, son illərdə beynəlxalq humanitar yardımların əhəmiyyətli dərəcədə azaldığını qeyd edib.
Münaqişələr yardımların çatdırılmasını ləngidir
WFP bildirib ki, Yaxın Şərqdə davam edən münaqişələr, o cümlədən İran ətrafındakı hərbi gərginlik və Pakistan sərhədinin doqquz ay bağlı qalması qidalanma məhsullarının Əfqanıstana çatdırılmasını ciddi şəkildə ləngidib.
Bu səbəbdən təxminən 1 milyon qadın və uşaq son beş ay ərzində həyati əhəmiyyət daşıyan qidalanma xidmətlərindən yararlana bilməyib.
Agentlik əlavə edib ki, avqust-oktyabr aylarında aclığın qarşısını almaq məqsədilə həyata keçirilən ərzaq paylanması proqramları da maliyyə çatışmazlığı səbəbindən dayandırılacaq. Halbuki uşaqlar arasında qida çatışmazlığının ən yüksək həddə çatdığı dövr məhz iyul-oktyabr aylarına təsadüf edir.
540 milyon dollarlıq təcili maliyyəyə ehtiyac var
WFP növbəti altı ay ərzində fəaliyyətini davam etdirmək üçün təcili olaraq 540 milyon ABŞ dollarına ehtiyac olduğunu bildirib.
BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi isə qeyd edib ki, Əfqanıstan üçün nəzərdə tutulan 1,71 milyard dollarlıq humanitar yardım planı hazırda cəmi 26 faiz maliyyələşdirilib. Qurum bunu ölkədə humanitar vəziyyətin daha da ağırlaşdığı bir dövrdə ciddi narahatlıq doğuran göstərici kimi qiymətləndirib.