BAKI,VOA Orxan Qədirzadə
Böyük Britaniya xarici maliyyənin seçki proseslərinə təsirinin qarşısını almaq məqsədilə siyasi ianələrə dair qaydaları sərtləşdirib. Yeni tələblər siyasi namizədlərin maliyyə mənbələrinin daha şəffaf şəkildə açıqlanmasını və xaricdən daxil olan vəsaitlərin qanuni mənşəyinin sübut edilməsini nəzərdə tutur.
Böyük Britaniyanın Mənzil, İcmalar və Yerli İdarəetmə Nazirliyinin açıqlamasına görə, bundan sonra parlament seçkilərində namizədliyini irəli sürən şəxslər namizəd kimi qeydə alınmamışdan əvvəl aldıqları 2230 funt sterlinqdən yuxarı bütün siyasi ianələri bəyan etməli olacaqlar. Şəxsi hədiyyələr isə bu tələbdən kənarda saxlanılacaq.
Yeni qaydalara əsasən, namizədlər seçkilərdən əvvəl əldə etdikləri maliyyənin qanuni mənbədən gəldiyini də sübut etməli olacaqlar. Hökumət bu addımı şübhəli maliyyələşmə kanallarının qarşısının alınması istiqamətində mühüm tədbir kimi qiymətləndirir.
Hazırkı qanunvericiliyə əsasən, parlament üzvləri 500 funt sterlinqdən artıq bütün ianələri, o cümlədən seçilməzdən əvvəlki bir il ərzində aldıqları vəsaitləri bəyan etməyə borcludurlar. Lakin seçkilərdə qalib gəlməyən namizədlər üçün indiyədək eyni tələblər tətbiq edilmirdi.
Böyük Britaniyanın Mənzil naziri Stiv Rid bildirib ki, xarici donorlarla bağlı daha sərt standartların tətbiqi və namizədlərin maliyyə mənbələrini sübut etməsi ölkənin demokratik institutlarının və seçki prosesinin xarici müdaxilələrdən qorunmasına xidmət edir.
Nazirin sözlərinə görə, yeni mexanizmlər Böyük Britaniyada seçki sisteminin bütövlüyünün qorunması istiqamətində dünyada ən qabaqcıl tədbirlərdən biridir.
Ötən il hökumət xarici maliyyənin ölkənin siyasi həyatına təsirini araşdırmaq üçün xüsusi yoxlama başladıb. Buna səbəb İslahat Partiyasının keçmiş siyasətçilərindən birinin Rusiyanın maraqlarını dəstəkləyən çıxışlar müqabilində rüşvət almaqda təqsirli bilinərək həbs olunması olub.
Araşdırmanın nəticələrinə əsasən, Rusiya, Çin və İran da daxil olmaqla bir sıra xarici dövlətlərin Böyük Britaniyanın demokratik institutlarına təsir göstərməyə və onları zəiflətməyə yönəlmiş davamlı cəhdləri müşahidə olunur. Hökumət yeni məhdudiyyətlərin məhz bu risklərə cavab olaraq tətbiq edildiyini bildirib.
Yeni qaydalara əsasən, xaricdən Böyük Britaniyaya köçən şəxslər 100 min funt sterlinq və ya daha artıq siyasi ianə verməzdən əvvəl ölkədə azı bir il daimi yaşayış statusuna malik olmalıdırlar. Rəsmilər hesab edirlər ki, bu tədbir yalnız seçici kimi qeydiyyatdan keçməklə xarici ianələrə qoyulan məhdudiyyətləri aşmaq cəhdlərinin qarşısını alacaq.
Bundan başqa, şirkətlər tərəfindən edilən siyasi ianələrin qiymətləndirilməsi zamanı artıq ümumi dövriyyə deyil, vergilər çıxıldıqdan sonra əldə olunan mənfəət əsas götürüləcək. Bununla hökumət yalnız Böyük Britaniya ilə real iqtisadi əlaqələri olan və qanuni fəaliyyət göstərən şirkətlərin siyasi partiyaları maliyyələşdirməsini təmin etməyi hədəfləyir.
Bu dəyişikliklər mart ayında açıqlanan əlavə məhdudiyyətləri tamamlayır. Həmin qərarlara əsasən, xaricdə yaşayan Britaniya vətəndaşlarının illik siyasi ianələri 100 min funt sterlinqlə məhdudlaşdırılıb, kriptovalyuta ilə siyasi ianələrin qəbulu isə bu sahədə səmərəli tənzimləmə mexanizmi yaradılanadək qadağan edilib.
Yeni qaydaların qüvvəyə minməsi Böyük Britaniyada mühacirət əleyhinə mövqeyi ilə tanınan İslahat Partiyasının lideri Naycel Farac ətrafında aparılan araşdırmalar fonunda baş verir.
Parlamentin standartlara nəzarət orqanı Faracın parlament üzvlüyünə namizədliyini irəli sürməzdən əvvəl Tailandda yaşayan kriptovalyuta milyarderi Kristofer Harborndan aldığı 5 milyon funt sterlinq həcmində ianəni bəyan etməli olub-olmadığını araşdırır.
İslahat Partiyası bu ianə ilə bağlı heç bir qanun pozuntusuna yol verilmədiyini bəyan edib. Partiyanın məlumatına görə, Kristofer Harborn ötən il partiyanın ümumi maliyyəsinin təxminən üçdə ikisini təmin edib.
Bununla yanaşı, Naycel Faracın daha bir araşdırma ilə üzləşə biləcəyi bildirilir. Məlumata görə, o, ümumi seçkilərdən əvvəl kriptovalyuta sahibkarı Corc Kotreldən aldığı bir sıra üstünlükləri və hədiyyələri bəyan etməyib.
Bu üstünlüklər sırasında sosial media komandasının əməkdaşlarının maliyyələşdirilməsi, təhlükəsizlik xidmətinin göstərilməsi və Bukinqem sarayı yaxınlığındakı malikanədən istifadə imkanının yaradılması yer alıb.
Farac parlament üzvü seçildikdən sonra Corc Kotrelin Belçikaya səfər üçün ayırdığı 9253 funt sterlinqlik və ABŞ daxilində uçuş xərcləri üçün təqdim etdiyi təxminən 15 min funt sterlinqlik ianələri rəsmi şəkildə qeydiyyata alıb. Lakin seçkilərdən əvvəl əldə etdiyi digər üstünlüklər barədə məlumat verməyib.
İslahat Partiyası həmin üstünlüklərin alındığını təsdiqləsə də, bunların Faracın siyasi fəaliyyəti ilə deyil, şəxsi həyatı ilə bağlı hədiyyələr olduğunu və buna görə də onların bəyan edilməsinin qanunla tələb olunmadığını bildirib.