BAKI,VOA, Fərid Mikayılov
ABŞ-da təhlükəsizlik qurumları paytaxt yaxınlığında yerləşən hərbi obyekt üzərində naməlum dronların uçuşunu qeydə alıb.
VOA xəbər verir ki, “The Washington Post” nəşrinin məlumatına görə, dronlar Vaşinqtonda yerləşən Fort McNair hərbi bazası üzərində müşahidə edilib.
Bildirilir ki, həmin ərazidə ABŞ dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset yaşayır.
Məlumata əsasən, ABŞ rəsmiləri dronların mənşəyini hələ müəyyən edə bilməyib. Hadisə fonunda təhlükəsizlik tədbirləri gücləndirilib və yüksək vəzifəli şəxslərin mümkün köçürülməsi variantı da müzakirə olunub. Bununla belə, onların yerinin dəyişdirilmədiyi qeyd olunur.
Qeyd edilir ki, ABŞ hərbi strukturları regionda gərginliyin artması, xüsusilə ABŞ və İsrailin İranla qarşıdurması fonunda potensial təhlükələri daha ciddi nəzarətdə saxlayır.
Məlumat müstəqil şəkildə təsdiqlənməyib və rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməyib. Pentaqonun nümayəndəsi isə təhlükəsizlik səbəbindən bu cür məsələlərə münasibət bildirməkdən imtina edib.