Rəsmi Xronika

Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq. Bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.

Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır. Bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.

Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil.

“Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə dövlətimizin başçısı əlavə edib.

Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. “Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib. Müxbir: Salam, “France 24” kanalının flaqmanı olan “Üzbəüz” verilişinə xoş gəlmisiniz. Bu gün bizim qonağımız Azərbaycan Prezidenti İlham Əliyevdir. Çox sağ olun, cənab Prezident. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Müxbir: Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?