BAKI,VOA
Qədim Misir mifologiyasında Set (Seth) hiyləgər, qarışıqlıq və nizamsızlıq tanrısı kimi tanınır. O, əsasən antaqonist (mənfi) rol oynasa da, Misir səmasında mühüm mövqeyə malik idi. Set sonda qardaşı Osiris ilə müttəfiq olaraq, hər gecə Günəş qayığında (solar barque) Ranı xaotik Apofis canavarından qoruyan bir qəhrəman kimi çıxış edirdi.
Bir çox Misir tanrılarında olduğu kimi, Setin adının mənası ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Ehtimal olunur ki, Setin adı "aşağıda olan" mənasını verir. Bu, onun əzəli rəqibi olan Horun (Horus) adının "yuxarıda olan" mənasına gəlməsinə əsaslanan bir qarşıdurmadır.
Seti heroqliflərdə tanımaq çox asandır: o, həmişə başı hansısa müəmmalı heyvana (qarışqayeyən və ya donuza bənzər) məxsus olan insan bədənli varlıq kimi təsvir edilir. Digər tanrılar konkret heyvanlarla assosiasiya olunduğu halda, Setin başının real bir heyvandan deyil, mifik, ximerik bir varlıqdan götürüldüyü düşünülür.
Hiyləgərlik tanrısı olaraq Set silsiləvi şəkildə forma dəyişdirə bilirdi. O, öküz, antilop, begemot, timsah və pantera cildinə girə bilir, hətta bəzən Anubisin də formasına düşürdü. O, ilahi nizamın (Maat) əksinə olaraq "khenenu" — yəni "qarışıqlıq" tanrısı idi. Qum fırtınaları, ildırımlar və qəfil daşqınlar onun qəzəbinin təzahürü sayılırdı. Tanrıların ən güclüsü hesab edilən Set, bu gücünü hər gecə xaos canavarı Apofisə qarşı döyüşdə sübut edirdi.
Set yer və göy tanrıları olan Qeb və Nutun övladıdır. Onun qardaş-bacıları Osiris, İsis (İsida), Neftis və (bəzi versiyalarda) Hordur. Babası isə uca Günəş tanrısı Radır. Set öz bacısı Neftis ilə hələ ana bətnindəykən bir-birlərinə bağlandıqları üçün doğulmamışdan əvvəl evlənmişdilər. Lakin Setin mifologiyasındakı əsas motiv qardaşı Osirisə olan tükənməz qısqanclığıdır. Bu qısqanclığın bir səbəbi də arvadı Neftisin Osirisdən qeyri-qanuni övlad dünyaya gətirməsi idi.
Osirisin qətli və hakimiyyət davası
Set əslində Yuxarı (Cənubi) Misirdə səhra tanrısı kimi ibadət edilirdi. Misir birləşdikdən sonra onun obrazı aqrar Nil cəmiyyətinə tam uyğun gəlmədiyi üçün o, şər və nizamsızlıq qüvvəsi kimi qələmə verilməyə başladı.
Qeyri-adi doğuluş: Set digər bacı-qardaşları kimi normal doğulmamışdı. Bəzi rəvayətlərə görə o, Nutun bətnini yırtaraq çıxmış, bəzilərində isə anasının ağzından "tüpürülmüşdür".
Osirisin qətli: Misirin ən mühüm mifi olan bu hekayədə Set qardaşı Osirisi hiylə yolu ilə — xüsusi hazırlanmış sarkofaqın içinə salaraq öldürür və taxt-tacı ələ keçirir.
Hor ilə mübarizə: Osirisin oğlu Hor böyüdükdən sonra atasının qisasını almaq üçün Setə meydan oxuyur. Bu mübarizə bir çox versiyalarda ya böyük döyüşlə, ya da Ranın rəhbərlik etdiyi tanrılar məhkəməsi ilə bitir. Hor qalib gələrək Misir fironu olur.
Setin ölümü və Ranın mühafizəçisi kimi rolu
Set hər nə qədər şər əməllər törətsə də, ölümdən sonrakı aləmdə Ra-nın Günəş qayığında ən ön sırada dayanır. Hər gecə nəhəng ilan və ya timsah şəklində olan xaos canavarı Apofis Raya hücum edərkən, Set öz qüdrəti ilə onu dəf edir. Göy gurultusunun əslində Set və Apofis arasındakı bu epik döyüşün səsi olduğu söylənilirdi.
Miflərin birində Set Ranın qayığında olarkən naməlum bir məxluq tərəfindən dişlənir və ağır yaralanır. Hor onu sağaltmaq qarşılığında Setdən gizli adını soruşur (çünki adlar böyük gücə malik idi). Set əvvəlcə yalan söyləyərək: "Mən dünənəm, mən bu günəm, mən hələ gəlməyən sabahayam" deyir. Amma Hor bunu qəbul etmir. Sonda Set öz həqiqi və qorxulu gizli adını açır: " Mənim adım Şər Gündür".-deyir. Yalnız bundan sonra Hor onu sağalda bilir.
Müasir mədəniyyətdə Set
Set bu gün də kitablar, filmlər və musiqilərdə yaşayır:
Neil Qeyman-ın "Amerikan tanrıları" (American Gods) kitabında onun adı çəkilir.
"Doctor Who" serialında (Pyramids of Mars) Setin obrazı Sutekh adlı yadplanetli kimi təsvir olunur.
2016-cı il istehsalı olan "Gods of Egypt" (Misir tanrıları) filmində Set rolunu Cerard Batler canlandırıb.
Ağır musiqi janrlarında, xüsusən "Therion", "Behemoth" və "1349" kimi qrupların mahnılarında Setin adı tez-tez zikr olunur.