BAKI,VOA, Nailə Babazadə
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi şənbə günü Pakistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi birliyin ölkənin Şərq Sektorunda yerləşən Kral Əbdüləziz Hava Bazasına çatdığını elan edib. Bu addım iki ölkə arasında 2025-ci ilin sentyabrında imzalanmış Strateji Qarşılıqlı Müdafiə Müqaviləsinə uyğun olaraq atılıb.
VOA xəbər verir ki, gələn hərbi qüvvəyə Pakistan Hərbi Hava Qüvvələrinin qırıcı və dəstək təyyarələri daxildir. Nazirliyin bəyanatında bildirilir ki, bu yerləşdirmənin əsas məqsədi Səudiyyə və Pakistan hərbi qüvvələri arasında birgə hərbi koordinasiyanı gücləndirmək və əməliyyat hazırlığını ən yüksək səviyyəyə qaldırmaqdır. Bu əməkdaşlıq regionda və beynəlxalq müstəvidə təhlükəsizlik və sabitliyin qorunmasına xidmət edir.
Riyad və İslamabad arasında 2025-ci ildə imzalanmış qarşılıqlı müdafiə paktı hər iki tərəf üçün ciddi öhdəliklər yaradır. Müqaviləyə əsasən, tərəflərdən birinə qarşı hər hansı təcavüz hər iki ölkəyə qarşı hücum kimi qiymətləndirilir. Pakistan hərbi hava qüvvələrinin Səudiyyə Ərəbistanındakı strateji hava bazasına yerləşdirilməsi bu müqavilənin kağız üzərində qalmadığını və praktiki müdafiə tədbirlərinə keçdiyini nümayiş etdirir.
Bu hərbi hərəkətlilik regionda gərginliyin artdığı və İslamabadda mühüm diplomatik danışıqların aparıldığı bir vaxtda Səudiyyə Ərəbistanı və Pakistanın strateji tərəfdaşlığının sarsılmaz olduğu mesajını verir.