Baş xəbər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında artan geosiyasi gərginlik və qlobal qeyri-müəyyənlik kontekstində iki ölkə arasında həmrəyliyin, koordinasiyanın və strateji baxışın artan əhəmiyyətini vurğuladı. O, TDT-nin türk dünyasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və regional əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyi əhəmiyyətli irəliləyişi vurğuladı.

Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib. Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Abiy Əhməd Əli İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb. Dövlətimizin başçısı telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti əsnasında Efiopiyanın Baş nazirinin bir müddət əvvəl ölkəmizə rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bildirib ki, bu gün ölkənin hava müdafiə sistemləri 15 balistik raket və 119 pilotsuz uçuş aparatını (PUA) məhv edib. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir ki, hava müdafiə sistemi tərəfindən aşkarlanan 16 balistik raketin 15-i dayandırılıb və məhv edilib, bir raket isə dənizə düşüb. Açıqlamada həmçinin qeyd olunub ki, eyni gündə aşkarlanan 121 PUA-dan 119-u təsirsiz hala gətirilib, iki PUA isə BƏƏ torpaqlarına düşüb. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən bəri İran tərəfindən ölkənin hava məkanına edilən hücumlara dair açıqlamada verilən məlumatlara görə: cəmi 221 balistik raket aşkarlanıb, bunlardan 205-i məhv edilib, 14-ü dənizə düşüb və 2-si BAE torpaqlarına dəyib. Cəmi 1305 PUA aşkarlanıb, bunlardan 1229-u dayandırılıb, 76-sı ölkə torpaqlarına düşüb. 8 qanadlı raket aşkarlanaraq məhv edilib.

İran Prezidenti Məsud Pezeşkian Naxçıvana dron hücumlarına görə məsuliyyəti etiraf edib. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün televiziya müraciətində bildirib. Onun sözlərinə görə, İranda Ali Lider və yüksək hərbi komandanlar öldürüldükdən sonra Silahlı Qüvvələr nəzarətsiz şəkildə qonşu ölkələrin ərazisinə atəş açıblar. Pezeşkian bildirib ki, Ali Liderlik Şurasının iclasında İran Silahlı Qüvvələrinə bundan sonra İrana hücum edilməyən ölkələrə heç bir hücumun edilməməsi və raket atılmaması haqda tapşırıq verilib. Yalnız hücum edilən ölkələrə qarşı addım atılacaq.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq, 19 milyon 51 min 81 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz artaraq, 10 milyon 860 min 86 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

Azərbaycanlı diplomatların İrandan təxliyəsi həyata keçirilib. Ölkəmizin İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları sərhədi keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub. Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Martın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində müqəddəs Ramazan ayı və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhidlərimizin anaları, ailə üzvləri iştirak ediblər.