BAKI,VOA, Orxan Qədirzadə
Türk dünyasında bığın forması sadəcə estetik görünüş deyil, minilliklər boyu davam edən hərbi status, güc və qəhrəmanlıq simvolu hesab olunub.
Qədim türklərdən Osmanlı paşalarına qədər uzanan bu ənənə, türk döyüşçü kimliyinin ən bariz göstəricilərindən biridir. Geniş yayılmış "aypara" (hilal) bığı ilə yanaşı, qədim mənbələr və arxeoloji tapıntılar türklərdə əsl döyüşçü bığının yuxarıya doğru qıvrıldığını sübut edir.
Qədim Çin mənbələri türk xalqlarının fiziki xüsusiyyətlərindən bəhs edərkən onların az saqqallı olduqlarını və bığlarının əsasən yuxarıya doğru istiqamətləndiyini xüsusi qeyd edir. Bu faktı Göytürk və erkən türk dövrünə aid "balbal" adlanan daş heykəllərdə də aydın görmək mümkündür. Yüksək statuslu döyüşçüləri təmsil edən bu heykəllərin demək olar ki, hamısında bığın uclarının yuxarıya doğru olması, bu üslubun bir güc göstəricisi olduğunu təsdiqləyir.
Türküstandan Anadoluya, Osmanlı imperiyasına qədər gəlib çatan bu ənənə hərbi miniatürlərdə və qravürlərdə öz əksini tapıb. Xüsusilə Osmanlı ordusunda döyüşçü ruhunun simvolu olan bu bığ forması, imperiyanın son dövrlərində də öz populyarlığını qoruyub saxlayıb. Ənvər Paşa, Camal Paşa, Tələt Paşa və Mustafa Kamal Paşa kimi məşhur zabitlərin obrazında gördüyümüz yuxarıya doğru qıvrılan bığlar, əslində minilliklərdən süzülüb gələn hərbi xarizmanın və Türküstan mirasının davamıdır.