BAKI,VOA
Eramızdan əvvəl 30-cu il avqustun 10-da, bəzi tarixçilərə görə isə avqustun 12-də Misir kraliçası VII Kleopatra Roma sərkərdəsi Oktavianın qoşunları qarşısında məğlub olduqdan sonra həyatına son qoyub.
Kleopatra eramızdan əvvəl 69-cu ildə doğulub və atası XII Ptolemeyin ölümündən sonra 51-ci ildə Misirin kraliçası elan edilib. O, Makedoniya mənşəli Ptolemeylər sülaləsinin nümayəndəsi olub. Kleopatra Misir qanı daşımamasına baxmayaraq, sülaləsində Misir dilini öyrənən yeganə hökmdar kimi tanınıb.
Onun hakimiyyətinin ilk illərində qardaşı XIII Ptolemeylə arasında hakimiyyət uğrunda mübarizə başlayıb və bu qarşıdurma vətəndaş müharibəsinə çevrilib.
Kleopatra və Yuli Sezar
Roma ilə Misir arasındakı münasibətlərin gərgin olduğu dövrdə Kleopatra siyasi mövqeyini gücləndirmək üçün Roma sərkərdəsi Yuli Sezarın dəstəyini qazanmağa çalışıb.
Eramızdan əvvəl 48-ci ildə Sezar Misirə gəldikdən sonra Kleopatra onunla görüşüb. Tarixi mənbələrə görə, Kleopatra saraya gizli şəkildə daxil olaraq Sezarla görüşə bilib. Sezar Misirdəki hakimiyyət mübarizəsinə müdaxilə edib və Kleopatranın mövqeyini gücləndirib.
Eramızdan əvvəl 47-ci ildə XIII Ptolemey məğlub olaraq həlak olub. Bundan sonra Kleopatra digər qardaşı XIV Ptolemeylə birlikdə Misiri idarə etməyə başlayıb.
Kleopatra Sezardan bir oğul dünyaya gətirib və onun Sezardan olduğunu bildirərək uşağa XV Ptolemey Sezarion adını verib.
Lakin eramızdan əvvəl 44-cü ildə Yuli Sezarın Romada sui-qəsd nəticəsində öldürülməsindən sonra Kleopatra Misirə qayıdıb.
Mark Antoni ilə münasibətlər
Sezarın ölümündən sonra Romada yenidən hakimiyyət uğrunda mübarizə başlayıb. Eramızdan əvvəl 43-cü ildə Oktavian, Mark Antoni və Lepidusdan ibarət İkinci Triumvirat yaradılıb.
Şərq əyalətlərinin idarəçiliyini üzərinə götürən Mark Antoni Kleopatranı Tarsusa çağıraraq Romaya qarşı düşmənlərinə yardım göstərməkdə ittiham edib.
Kleopatra Tarsusa təmtəraqlı gəmi ilə gedib və Mark Antoni ilə yaxın münasibət qurub. Onların münasibətindən üç övlad dünyaya gəlib.
Lakin Antoni ilə Oktavian arasındakı siyasi rəqabət getdikcə dərinləşib. Oktavian Kleopatra və Antoninin Roma üçün təhlükə yaratdığı barədə təbliğat aparıb.
Aktium döyüşü və məğlubiyyət
Eramızdan əvvəl 31-ci ildə Oktavian Kleopatraya qarşı müharibə elan edib. Həmin il sentyabrın 2-də Yunanıstanın Aktium sahillərində tərəflər arasında böyük dəniz döyüşü baş verib.
Döyüşdə Oktavianın qüvvələri üstünlük qazanıb. Kleopatra öz donanması ilə Misirə geri çəkilib, Mark Antoni də onun ardınca gedib. Döyüşdən sonra Antoni və Kleopatranın qüvvələri tədricən təslim olublar.
Təxminən bir il sonra Oktavian İsgəndəriyyəyə çataraq son hücuma başlayıb.
Kleopatranın sonu
Məğlubiyyətin qaçılmaz olduğunu görən Kleopatra özünün tikdirdiyi məqbərəyə sığınıb. Antoni Kleopatranın öldüyünü eşidərək qılıncla özünə xəsarət yetirib.
Lakin Kleopatranın sağ olduğu xəbərini aldıqdan sonra onu görmək üçün məqbərəyə aparılıb. Antoni Kleopatranın yanında dünyasını dəyişib.
Daha sonra Oktavian Kleopatra ilə görüşüb. Lakin kraliça onun hakimiyyəti altına düşməkdən imtina edib və həyatına son qoyub.
Tarixi mənbələrə görə, Kleopatra eramızdan əvvəl 30-cu il avqustun 10-da və ya 12-də ölüb. Onun ölümünün səbəbi tam dəqiq məlum deyil. Ən geniş yayılmış versiyaya əsasən, Kleopatra zəhərli Misir kobrası hesab edilən ilan vasitəsilə intihar edib. İlan qədim Misirdə ilahi hakimiyyətin simvollarından biri sayılırdı.
Kleopatranın ölümündən sonra Oktavian onun oğlu Sezarionu edam etdirib, Misiri Roma imperiyasına birləşdirib və kraliçanın sərvətindən öz veteranlarına ödəniş etmək üçün istifadə edib.
Eramızdan əvvəl 27-ci ildə Oktavian Avqust adını alaraq Roma imperiyasının ilk imperatoru olub.