İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev arasında keçirilən görüşdə iqlim dəyişikliyi şəraitində mədəni irsin qorunması, ekoloji təhlükəsizlik və Türk dünyasının birgə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Türk xalqlarının təbiətə həssas yanaşmasını əks etdirən zəngin irsin beynəlxalq iqlim gündəliyinə inteqrasiyasının vacibliyini vurğulayıblar.

Biləcik Yol və Nəqliyyat Xidmətləri İdarəsi tərəfindən 1 milyon litr dizel yanacağının alınması üzrə tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunur ki, idarənin saxlama imkanları məhdud olduğundan yanacağın tam həcmi bir dəfəyə deyil, hissə-hissə qəbul ediləcək. Elektron platforma vasitəsilə göndəriləcək bildirişdə göstərilən həcmdə dizel yanacağı bildiriş tarixindən etibarən 5 təqvim günü ərzində təhvil verilməlidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti Qarabağa səfər edərək Ağdam Sənaye Parkı, təhsil və sosial infrastruktur obyektləri, eləcə də Şuşa və Xankəndidə həyata keçirilən bərpa-quruculuq layihələri ilə tanış olublar. Səfər zamanı regionda investisiya imkanları və İİB ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, AQTA sədri Qoşqar Təhməzli və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərinə baxış keçiriblər. Sərgidə aqrar innovasiyalar, süni intellekt əsaslı texnologiyalar, rəqəmsal kənd təsərrüfatı həlləri və beynəlxalq əməkdaşlıq imkanları nümayiş olunub. Tədbirdə yerli və xarici şirkətlərin stendləri ziyarət edilib, aqrar və qida sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi və məhsuldarlığın artırılması məsələləri diqqət mərkəzində olub.

Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. Sabah 8 vaqon dizel yanacağı Ermənistana göndəriləcək, eyni zamanda Azərbaycan üzərindən tranzitlə Rusiyadan bu ölkəyə 6 vaqon gübrə çatdırılacaq. Son aylarda Azərbaycan və tranzit marşrutları vasitəsilə Ermənistana yanacaq, taxıl və gübrə tədarükünün davamlı şəkildə həyata keçirildiyi bildirilir.

Bakıda keçiriləcək “IN VISION DESIGN TALKS – BAKU 2026” forumu memarlıq, interyer dizaynı və şəhərsalma sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirəcək. AzerVoice xəbər verir ki, tədbir mayın 11-də Bakı Konqres Mərkəzində təşkil olunacaq və forum çərçivəsində müasir dizayn tendensiyaları, innovativ memarlıq yanaşmaları, şəhər məkanlarının transformasiyası və beynəlxalq təcrübələr müzakirə ediləcək. Türkiyənin tanınmış memar və dizaynerlərinin çıxış edəcəyi tədbirin sektor nümayəndələri, tələbələr və yaradıcı sənaye iştirakçıları üçün yeni əməkdaşlıq imkanları və peşəkar şəbəkələşmə platforması olacağı bildirilir.

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə turizm sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri və turizm bazarının genişləndirilməsi məsələləri geniş müzakirə olunub. İclasda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təqdimatla çıxış edib, iştirakçılar isə sahənin inkişafı üçün prioritet istiqamətlər və cari iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrin yekununda turizmin inkişafı ilə bağlı bir sıra qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Türkiyə Karayolları 5-ci Regional İdarəsi TÜPRAŞ-a bağlı neft emalı zavodlarından Mersin bölgəsində yerləşən sabit bitum anbarlarına bitum daşınması xidməti üzrə tender keçirəcək. Məlumata görə, layihə çərçivəsində ümumilikdə 18 min 300 ton bitumun daşınması nəzərdə tutulur.

İstanbul Səhiyyə İdarəsi tərəfindən Hamidiye Təhsil və Araşdırma Xəstəxanasında yeni əməliyyatxana binasının tikintisi üzrə açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində 5 otaqdan ibarət əməliyyatxana kompleksinin inşası nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, tikinti işləri Sarıyer rayonundakı Çayırbaşı yerləşkəsində həyata keçiriləcək və layihənin icra müddəti yer təhvil verildikdən sonra 180 təqvim günü təşkil edəcək

İzmir Su və Kanalizasiya İdarəsi tərəfindən dizel generator dəstlərinin alınması və quraşdırılması üzrə tender elan olunub. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 16 ədə dizel generator dəstinin təchizatı və quraşdırılması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihənin icra müddətinin müqavilə imzalandıqdan sonra 150 təqvim günü olduğu bildirilib.