BAKI,VOA
Türk Dəniz Qüvvələri, yerli və milli müdafiə layihələri çərçivəsində mühüm bir mərhələyə yaxınlaşarkən, milli aviadaşıyıcı gəmi layihəsində kritik bir məqama gəlib çatılıb. Dəniz Qüvvələri Komandanı, admiral Ercüment Tatlıoğlu, gəminin inşa prosesinin planlaşdırıldığı şəkildə irəlilədiyini və gələn il dənizə endirilməsinin hədəfləndiyini bəyan edib.
Cənubi Egey dənizində keçirilən “KURTARAN-2026 Sualtı Axtarış-Xilasetmə Təlimi” zamanı açıqlama verən Tatlıoğlu, Türk Dəniz Qüvvələrinin güclü və müasir bir donammaya sahib olduğunu vurğulayıb. Hazırda gəmiqayırma zavodlarında 41 döyüş gəmisinin eyni vaxtda inşa edildiyini bildirən Tatlıoğlu, bu sayın yaxın dövrdə 50-yə çatmasının gözlənildiyini ifadə edib.
Sualtı donanması və xilasetmə imkanları
Sualtı donanmasına da toxunan Tatlıoğlu, inventarda 12 aktiv sualtı qayıq və bir təlim sualtı qayığının olduğunu, "Reis" sinfi sualtı qayıqlardan “Murat Reis”in ilk səfərinə çıxdığını və daha üç sualtı qayığının inşa mərhələsində olduğunu açıqlayıb. Bundan əlavə, ehtimal olunan qəzalarda sualtı qayıq heyətinin xilas edilməsinə yönəlmiş güclü bir sualtı əməliyyat potensialına sahib olduqlarını qeyd edib.
“Bunlardan biri də milli və yerli sualtı qayığımız Atılaydır. Türk Hərbi Dəniz Qüvvələrinin çox güclü bir sualtı donanması var. Donanmamızda 12 sualtı qayığımız var, əlavə olaraq bir dənə də təlim sualtı gəmimiz mövcuddur. Üç sualtı qayığımız da inşa halındadır”-deyə admiral çıxışında vurğulayıb.
Yerli silah sistemləri: Atmaca, Akya və Malaman
Tatlıoğlu, Türkiyənin təkcə platforma istehsalında deyil, bu platformalarda istifadə olunan silah və sistemlərdə də yerli həllər inkişaf etdirdiyini vurğulayıb. Bu çərçivədə Atmaca gəmiəleyhinə raketi, Akya torpedası və Malaman dəniz minasının milli imkanlarla istehsal edildiyini xatırladıb.
“Bu bölgədə vəzifə icra edən təkcə milli sualtı qayıqlarımızı deyil, dost və müttəfiq bütün ölkələrin sualtı qayıqlarını və heyətini xilas etməyə qadirik. Türk Dəniz Qüvvələri heş kimi darda buraxmaz. Bildiyiniz kimi, biz milli freqatımızı hazırladıq. Hazırda milli aviadaşıyıcı gəmimizi hazırlayırıq. Milli aviadaşıyıcımızın inşa prosesi çox yaxşı gedir. İnşallah, planlaşdırdığımız kimi getsə, gələn il dənizə endirib, dənizdəki fəaliyyətlərinə davam etməyi planlaşdırırıq. Milli sualtı qayığımızın da inşa fəaliyyətləri çox yaxşı gedir və təkcə platforma olaraq deyil, eyni zamanda o platformalarda istifadə edəcəyimiz milli idarəolunan raketimizi - Atmacanı hazırladıq. Milli torpedamız Akyanı hazırladıq. Milli minamızı, ilk dəfə Türk minasını - Malaman minasını hazırladıq. Həm platforma hazırlayırıq, həm də bu platformalarda istifadə edəcəyimiz milli və yerli idarəolunan raketlərimizi, raketlərimizi, torpedalarımızı hazırlayırıq.”-deyə o qedy edib.
Süni intellekt və "Ağıllı gəmi" dövrü
Dəniz Qüvvələrinin texnoloji transformasiyasına da diqqət çəkən Tatlıoğlu, yeni gəmiqayırma zavodları ilə istehsal infrastrukturunun genişləndirildiyini və süni intellekt dəstəkli “ağıllı gəmi” konsepsiyasına keçildiyini ifadə edib.
“Bundan başqa, layihə dizayn ofisimizi və süni intellekt mərkəzimizi çox böyütdük. Texnologiyanı gəmilərimizdə ən yaxşı necə tətbiq edə bilərik’” ideyasından yola çıxaraq bu səviyyəyə gəldik. Artıq süni intellektlə idarə edə bildiyimiz ağıllı gəmi dizaynına keçdik və bu mövzuda Dəniz Qüvvələri olaraq çox yaxşıyıq.”-deyə admiral əlavə edib.