Türkiyə

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya İstanbul mərkəzli, ölkə xaricində cəzaçəkmə müəssisəsində olan bir cinayətkarın rəhbərlik etdiyi təşkil olunmuş cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatlarda 96 nəfərin saxlanıldığını açıqlayıb. Nazir Yerlikaya sosial media hesabında yazdığı açıqlamada təşkil olunmuş cinayətkar dəstələrə qarşı mübarizənin qətiyyətlə davam etdiyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) yaxın həftələrdə Türkiyədə ofis açmağı planlaşdırır. UNRWA-nın baş komissarı Filipp Lazzarini Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, agentlik Türkiyə hökuməti ilə ofisin açılması ilə bağlı yekun sazişi imzalayıb. Onun sözlərinə görə, UNRWA-nın Türkiyədə daimi nümayəndəliyinin yaradılması agentlik üçün mühüm addımdır.

Türkiyə rəhbərliyi Hələbdə Suriya hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ- PKK terror təşkilatının Suriya qolu) arasında artıq üç gündür davam edən silahlı toqquşmaların dayandırılması üçün Suriya hökumətinə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu fonda İsrail isə Hələbdə kürd azlığına qarşı hücumlarla bağlı narahatlığını ifadə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, CHP-nin sədri Özgür Özəlin partiyasının dünən Beykozda keçirdiyi mitinqdə səsləndirdiyi fikirlərə görə 500 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırıb. Bu barədə Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında açıqlama verib. Aydın bildirib ki, CHP sədri Özgür Özəlin 7 yanvar 2026-cı il tarixində Beykozda təşkil olunan mitinqdə çıxışı zamanı Prezident Ərdoğana qarşı səsləndirdiyi uyğun olmayan ifadələr, əsassız və məntiqsiz ittihamlar səbəbilə Ankara Birinci İnstansiya Mülki Məhkəməsində 500 min lirəlik mənəvi təzminat iddiası qaldırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malaziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb. Rəsmi qəbul zamanı Ərdoğanın xanımı Əminə Ərdoğan, həmçinin Malaziya Baş nazirinin xanımı Van Azizah Ismail da iştirak ediblər. Görüş çərçivəsində Türkiyə ilə Malaziya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın rəsmi müraciəti olacağı halda Ankaranın lazımi dəstəyi göstərməyə hazır olduğunu bəyan edib. Açıqlamada Suriya ordusunun Hələb şəhərində başladığı antiterror əməliyyatına da toxunulub. Bildirilib ki, terror təşkilatlarının mülki əhali və təhlükəsizlik qüvvələrini hədəfə alması nəticəsində 4 nəfər həlak olub, 18 nəfər yaralanıb. Bu səbəbdən Suriya hökuməti ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyata başlayıb.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Yaponiyanın Türkiyə istehsalı pilotsuz uçuş aparatlarını (PUA) tədarük etmə ehtimalına münasibət bildirib. O qeyd edib ki, bu sistemlər uzun müddət havada qalma, fasiləsiz müşahidə aparma və xərclərin səmərəli istifadəsi baxımından mühüm üstünlüklərə malikdir. Nazirin sözlərinə görə, Türkiyə istehsalı PUA-lar Yaponiyanın müdafiə qabiliyyətləri üçün “çəkindirici amil” ola bilər. Gülər Yaponiya üçün mümkün modellər arasında Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan ANKA, eləcə də Bayraktar TB2 və Bayraktar TB3 pilotsuz uçuş aparatlarını nümunə göstərib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Qəzza zolağında təhlükəsizliyin təmin olunması üçün yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvəsi ilə bağlı açıqlama verib. O bildirib ki, öz-özünə yetərli olacaq şəkildə qüvvə artıq hazırlanıb və təlim fəaliyyətlərinə başlanılıb. Nazir bu barədə Yaponiyanın Kyodo News agentliyinə müsahibəsində danışıb və Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsinə müsbət yanaşıldığını bildirib. Yaşar Gülər qeyd edib ki, Türkiyənin mümkün sülhməramlı missiyada iştirakının əsas məqsədi humanitar yardımların çatdırılmasına töhfə vermək və bölgədəki münaqişələrin dayandırılmasına dəstək olmaqdır. Onun sözlərinə görə, bu addım İsrail üçün hər hansı təhlükə yaratmır və bu mövzuda anlayış gözlənilir.

Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib. Malayziya hökumət başçısını Ankara Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Türkiyəyə səfər edəcək Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüşəcək. Görüşdə Türkiyə ilə Oman arasında ticarət dövriyyəsinin ortaq hədəf olan 5 milyard dollara çatdırılması istəyi, Omanın regional məsələlərin dialoq yolu ilə həllinə verdiyi töhfələr və Yəməndə davamlı siyasi həllə dəstək müzakirə olunacaq. Fidan Türkiyənin Yəmənin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayacaq, Qəzzada humanitar vəziyyətə diqqət çəkərək yardımların fasiləsiz çatdırılmasının vacibliyini qeyd edəcək.