#Qəzzada infrastruktur yeniləmələri

Qəzza zolağının Təhsil və Ali Təhsil Nazirliyinin verdiyi məlumata görə, cümə axşamı İsrail ordusu Beyt Lahiya şəhərində fələstinli azyaşlı qız Ritac Reyhanı qətlə yetirib. İnsident uşaqlar məktəb çadırında dərs masası arxasında əyləşdiyi zaman baş verib. Nazirliyin bəyanatında bildirilir ki, "Əbu Ubeydə bin əl-Cərrah" məktəbinin 3-cü sinif şagirdi olan Ritac İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisə onun sinif yoldaşları arasında ağır psixoloji travmaya və şoka səbəb olub.

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı dəhşətli həddə — 72 min 73 nəfərə çatıb. Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, beynəlxalq ictimaiyyətin bütün çağırışlarına və 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, bölgədə qan tökülməsi hələ də davam edir. Xüsusilə son 24 saat ərzində Qəzzadakı tibb müəssisələrinə daha 1 ölü və 8 yaralının gətirilməsi bölgədəki gərginliyin hələ də kritik həddə olduğunu göstərir.

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi verdiyi bəqlanatlarda Qəzza zolağında sülh prosesinin mühüm tərəfdaşı olmaq istədiklərini bəyan edib. Kallas vurğulayıb ki, Fələstin polisinin təlim keçməsi və bölgədə asayişin təmin olunması üçün İsrail tərəfinin rəsmi icazəsi lazımdır. O, həmçinin İordaniya və Misirlə bu mövzuda razılıqların əldə olunduğunu diqqətə çatdırıb.

Argentina Prezidenti Xavyer Milei ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza üçün yaradılan “Sülh Şurası”na dəstəyi yenidən bəyan edərək, Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazır olduqlarını açıqlayıb. Milei Vaşinqtonda keçirilən Qəzza üzrə “Sülh Şurası” toplantısında çıxışı zamanı davamlı sülhün yalnız əsas insan hüquqlarına söykənən nizamla təmin oluna biləcəyini bildirib və Şuranın bu məqsədə yönəlik çərçivə təqdim etdiyini qeyd edib. O, Argentinanın sülh əməliyyatları üzrə təcrübəsinin güclü istinad olduğunu vurğulayaraq, bu potensialın mümkün sabitləşdirmə qüvvəsinin xidmətinə verilə biləcəyini deyib. Milei, həmçinin Argentina Xarici İşlər Nazirliyi xətti ilə beynəlxalq humanitar yardım göstərən “Ağ dəbilqəlilər” qruplarının Qəzzadakı fəaliyyətlərə dəstəyə hazır olduğunu açıqlayıb.

BMT cümə aqşamı günü yaydığı bəyanatda İsrailin intensiv hücumları və fələstinli mülki şəxslərin məcburi köçürülməsi nəticəsində Qəzza zolağı və İordan çayının qərb sahilində (Qərbi Şəria) "etnik təmizləmə" baş verməsi ehtimalından ciddi narahatlığını ifadə edib. Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir. "İntensiv hücumlar, bütün məhəllələrin sistematik şəkildə dağıdılması və humanitar yardımın qarşısının alınması Qəzzada qalıcı demoqrafik dəyişiklik yaratmaq məqsədi daşıyır." Hesabatda həmçinin vurğulanır ki,bu hərəkətlər fələstinlilərin daimi olaraq didərgin salınması məqsədi güdür və bu, həm Qəzzada, həm də İordan çayının qərb sahilində etnik təmizləmə ilə bağlı ciddi suallar doğurur.-deyə hesabatda qeyd olunub.

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nəcat Qaçqınlar Düşərgəsinin sakinləri həyat üçün zəruri olan ən əsas ehtiyacların belə çətin tapıldığı bir şəraitdə bərəkət, xeyirxahlıq və həmrəylik ayına – Ramazana hazırlaşır və daha gözəl Ramazan günlərinin xəyalını qururlar. İsrailin blokadası və hücumları altında yaşayan qəzzalılar artıq 3 ildir ki, çadır şəraitinin ağır şərtləri ilə mübarizə aparır. Sabit və ləyaqətli həyat imkanından məhrum edilən fələstinlilər siyasi və hərbi qeyri-müəyyənliyin davam etdiyi, sığınacaq və qida kimi ən elementar ehtiyacların belə tam ödənilmədiyi bir mühitdə həyata tutunmağa çalışırlar.

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində tunellərdə mühasirədə qalan daha 9 fələstinlinin öldürüldüyünü açıqlayıb. Ordunun məlumatına görə, ötən həftə tunellərdən çıxdığı iddia edilən şəxslərlə toqquşma zamanı 3 nəfər yaxın məsafədən vurularaq öldürülüb. Dünən aparılan axtarış əməliyyatları zamanı isə daha 6 fələstinlinin həyatını itirdiyi bildirilib. İsrail tərəfi bölgədə əməliyyatların davam edəcəyini qeyd edib.

İsrail ordusu işğal altındakı Qərb Sahili və Qüdsün müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 3-ü qadın olmaqla 44 fələstinlini saxlayıb. Yerli mənbələrin məlumatına görə, əməliyyatlar Nablus və Əl-Xəlil şəhərlərində, eləcə də Qüdsün şimalındakı Kəfr Akab qəsəbəsində həyata keçirilib. Nablusda saxlanılanlar arasında keçmiş Fələstin Qanunvericilik Şurasının üzvü Davud Əbu Seyr, bir neçə sabiq məhbus və üç qadın da var. Şəhərdə ümumilikdə 30 nəfər saxlanılıb. Əl-Xəlildə 7, Deyr əl-Qusun qəsəbəsində 6 nəfər, Kəfr Akabda isə 1 nəfər saxlanılıb.

İsrail ordusu 10 oktyabr tarixindən etibarən qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağının müxtəlif bölgələrinə yeni hücumlar təşkil edib. Səhiyyə qaynaqlarından alınan son məlumatlara görə, Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərində İsrail hərbçilərinin açdığı atəş nəticəsində biri uşaq, digəri isə yaşlı olmaqla iki fələstinli yaralanıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin işğal altındakı Qərb Sahilində atdığı addımların qanunsuz ilhaqı gücləndirdiyini və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib. Şamdasani Anadolu Agentliyinin suallarına yazılı cavabında İsrailin Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə nəzarət tədbirlərini artırmaq qərarını qınayıb. Onun sözlərinə görə, bu addımlar rəsmi deportasiya olmadan təzyiq yolu ilə məcburi köçürməni asanlaşdıran şərait yaradır.

Qəzzadakı Fələstin hökumətinin Media Ofisi tərəfindən yayımlanan rəsmi hesabata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından keçən 4 aylıq müddət ərzində İsrail ordusu tərəfindən sistematik qanun pozuntuları qeydə alınıb. Hesabatda bildirilir ki, İsrail bu müddətdə razılaşmanı 1620 dəfə pozub və beynəlxalq humanitar hüququn prinsiplərini qəsdən sarsıdıb. İsrail ordusunun pozuntuları arasında 560 dəfə birbaşa atəş açılması, 79 dəfə hərbi texnika ilə yaşayış məntəqələrinə daxil olma, 749 dəfə bombardman və 232 yaşayış binasının partladılması yer alır.

7 oktyabr 2023-cü ildə Qəzza zolağında müharibənin başlamasından sonra İsrail tərəfindən iş icazələri ləğv edilən təxminən 100 min fələstinli ağır iqtisadi böhranla üz-üzədir. İordan çayının qərb sahilində iş yerlərinin məhdud, maaşların isə İsrailə nisbətən qat-qat aşağı olması səbəbindən minlərlə ailə aclıq həddində yaşayır. Dünya Bankı bölgə iqtisadiyyatının İsrailin məhdudiyyətləri səbəbindən tamamilə çökə biləcəyi barədə xəbərdarlıq edib.