İsrail ordusu 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minmiş atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hava və quru hücumlarını davam etdirir. 2026-cı ilin yanvar ayına olan son məlumatlara görə, İsrail hərbçiləri bir neçə şəhərdə strateji binaları partladıb və dinc sakinlərin yaşadığı əraziləri hədəf alıb.
#Qəzzanın bərpası 2025
Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şərq hissəsində onlarla fələstinli ailə İsrail ordusu tərəfindən evlərini tərk etməyə məcbur edilib. Sakinlərin və HƏMAS rəsmilərinin verdiyi məlumata görə, bu, ötən ilin oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından bəri həyata keçirilən ilk məcburi təxliyə əmridir.
İsrail rəhbərliyi ABŞ administrasiyasının çağırışlarına rəğmən, Qəzza zolağının Misir ilə sərhədində yerləşən Rəfah Sınır Qapısını qapalı saxlamaq qərarına gəlib. "Yedioth Ahronot" qəzetinin yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, bazar günü axşam saatlarında toplanan İsrail Təhlükəsizlik Kabineti sərhəd keçid məntəqəsinin fəaliyyətinin bərpa edilməməsi barədə yekdil qərar qəbul edib.
İsrailin maliyyə naziri Betsalel Smotriç Baş nazir Benyamin Netanyahunu ABŞ-ın rəhbərlik etdiyi və Donald Trampın Qəzza planını dəstəkləyən koordinasiya mərkəzini bağlamağa çağırıb. ifrat sağçı nazir Kiryat Qat şəhərində yerləşən Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) dərhal ləğv edilməsinin vaxtının çatdığını bildirib. Smotriç bu mərkəzdə təmsil olunan Britaniya və Misir kimi ölkələrin İsrailə qarşı düşmən mövqe tutduğunu və ölkənin təhlükəsizliyinə zərbə vurduğunu iddia edərək onların qurumdan kənarlaşdırılmasını tələb edib. Qeyd edək ki, sözügedən mərkəz ötən ilin oktyabrında Trampın Qəzza müharibəsini bitirmək planı çərçivəsində humanitar yardımları və müharibədən sonrakı planlaşdırmanı idarə etmək üçün yaradılıb.
HƏMAS hərəkatı İsrail həbsxanalarında saxlanılan fələstinlilərin beynəlxalq birliyin səssizliyi fonunda insanlıq dışı rəftara məruz qaldığını bəyan edib. HƏMAS tərəfindən yayımlanan yazılı açıqlamada fələstinli məhbusların sistematik işkəncə, pis rəftar və ağır həyat şəraiti ilə üz-üzə olduğu bildirilir. Hərəkat beynəlxalq ictimaiyyəti bu acılara son qoymaq üçün təcili hərəkətə keçməyə çağırıb. Açıqlamada qeyd olunur ki, həbsxanalarda tətbiq edilən fiziki və psixoloji təzyiqlər, qəsdən tibbi laqeydlik və ailə görüşlərinə qoyulan qadağalar insanlıq vicdanını sarsıdan həddə çatıb.
Fələstin Prezidenti Mahmud Abbasın müşaviri Dr. Mahmud əl-Həbbaş Qəzza zolağındakı mövcud vəziyyəti və yeni yaradılan Sülh Şurasını Fələstin tərəfinin seçimi olmadığını bəyan edib. Əl-Həbbaş "Asharq Al-Awsat" qəzetinə verdiyi açıqlamada bu mexanizmin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş müvəqqəti bir tənzimləmə olduğunu bildirib. O qeyd edib ki, Fələstin rəhbərliyi bu planı qəti şəkildə rədd etsə də, hazırkı şəraitdə bunu "iki şərdən daha az olanı" kimi qəbul etmək məcburiyyətində qalıblar. Müşavirin sözlərinə görə, bu qərar qətliamları dayandırmaq və Fələstin dövlətinin qurulmasına aparan potensial bir yol açmaq məqsədilə verilib.
İsrail ordusu Qəzza zolağında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq bölgənin cənub, şimal və mərkəzi hissələrinə hava və artilleriya zərbələri endirməkdə davam edir. 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs razılaşmasına rəğmən, İsrail qüvvələrinin hücumları səngimək bilmir. Yerli mənbələrdən alınan məlumata görə, Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərinin şərq rayonları döyüş təyyarələri və artilleriya atəşinə tutulub. Eyni zamanda bölgənin mərkəzi hissəsindəki Deyr əl-Bəlah şəhərinin şərq əraziləri də intensiv zərbələrə məruz qalıb.
İsrailin müdafiə naziri Yisrael Katz, "The New York Times" qəzetinin peyk görüntülərinə əsaslanaraq hazırladığı araşdırmadan sonra qalmaqallı açıqlama ilə çıxış edib. Nazir, 10 oktyabrda qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında 2500-dən çox binanı və geniş kənd təsərrüfatı sahələrini məhv edən İsrail ordusunu açıq şəkildə təbrik edib.
İsrailin atəşkəsə baxmayaraq humanitar yardımın girişini məhdudlaşdırdığı Qəzza zolağında daha bir uşaq ölümü qeydə alınıb. Xan Yunis şəhərində 27 günlük körpə kəskin soyuq hava şəraiti səbəbindən həyatını itirib. Səhiyyə mənbələrindən verilən məlumata görə, Aişə Ayiş əl-Ağa adlı 27 günlük körpə bu gün Xan Yunisdə şiddətli soyuq səbəbindən dünyasını dəyişib. Körpənin ölümü ilə birlikdə, qış mövsümünün başlanğıcından bu yana Qəzza zolağında həddindən artıq soyuq səbəbilə həyatını itirən uşaqların sayı 8-ə çatıb.
İsrail ordusunun atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağında davam etdirdiyi hücumlar nəticəsində Xan Yunus şəhərində bir mülki vətəndaş həlak olub. Xəstəxanadan alınan məlumata görə, İsrail hərbçilərinin Xan Yunus şəhərində açdığı atəş nəticəsində 62 yaşlı Sabah Əhməd Əli Cami dünyasını dəyişib, bir neçə fələstinli isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə şahidləri bildiriblər ki, İsrail ordusu atəşkəs çərçivəsində geri çəkildiyi Xan Yunusun şərq və qərb hissələrindən qaçqınların sığındığı çadır düşərgələrinə pilotsuz uçuş aparatları vasitəsilə intensiv zərbələr endirib.
Qəzzadakı Fələstin hökuməti 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinə dair rəsmi hesabatını açıqlayıb. Hökumətin Media Ofisi atəşkəsin ikinci mərhələsinə keçildiyi bir vaxtda ötən 95 gün ərzində İsrail ordusunun beynəlxalq hüququ sistematik şəkildə pozduğunu bəyan edib. Hesabata əsasən, atəşkəs dövründə İsrail tərəfindən 1244 pozuntu qeydə alınıb və bu hücumlar nəticəsində 449 fələstinli həyatını itirib, 1246 nəfər isə yaralanıb. Həmçinin İsrail ordusunun 581 dəfə mülki yaşayış binalarını bombaladığı və 195 evi tamamilə dağıtdığı bildirilir.
İsrail ordusunun Qəzza zolağında davam etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 71 min 441-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində yaşanan can itkilərinə dair son məlumatları açıqlayıb. Verilən məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi əməliyyatlar zamanı yaralananların ümumi sayı isə 171 min 329 nəfərə çatıb.