#Qəzzanın bərpası 2025

Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirləri İsrailin İordan çayının qərb sahilindəki son addımları ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Fələstin rəhbərliyinin nəzarətindəki bölgələrdə "təftiş və nəzarət fəaliyyətlərini" artıran bir sıra qərarları təsdiqləməsi ən kəskin şəkildə pislənilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin atəşkəsi yüzlərlə dəfə pozduğu Qəzza zolağında ilin əvvəlindən bu yana 37 fələstinli uşağın həyatını itirdiyini açıqlayıb. UNICEF tərəfindən yayımlanan hesabatda Qəzzada qüvvədə olan atəşkəsin son dərəcə kövrək olduğu, İsrailin hücumları səbəbindən uşaqların həyatının hələ də ciddi təhlükə altında qaldığı vurğulanıb. Hesabatda ilin əvvəlindən bəri Qəzzada 37 uşağın həlak olduğu barədə məlumat yer alıb.

İsrail ordusu atəşkəsə rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə istiqamətlənmiş hücumlarını davam etdirərkən, Xan Yunisdə ayaqda qalan binaları da partlayıcılarla havaya uçurub. İsrail 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs razılaşmasını pozmağa davam edir. Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini və bölgənin şimalında yerləşən Cibaliya qəsəbəsinin şərq hissəsini hədəf alıb.

İsrail ordusunun Qəzza şəhərinin şərqinə və Xan Yunis şəhərinin cənubuna yönəlmiş artilleriya zərbələri nəticəsində 9 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb. Hücumlar dinc sakinlərin sığındığı evləri və çadır düşərgələrini hədəf alıb. İsrail artilleriya bölmələrinin Qəzza şəhərinin şərqində yerləşən Zeytun və Tuffah məhəllələrində mülki şəxslərə məxsus çadırları və evləri atəşə tutması nəticəsində aralarında bir uşağın da olduğu 5 fələstinli dünyasını dəyişib. Hadisə yerindən gələn xəbərlərə görə, yaralıların sayı olduqca çoxdur və tibbi yardımın çatdırılmasında çətinliklər yaşanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib. Forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.

İsrail təxminən iki illik fasilədən sonra Misir sərhədində yerləşən Rəfah sərhəd keçid məntəqəsindən cəmi 12 fələstinlinin Qəzza zolağına qayıtmasına icazə verib. 2024-cü ilin may ayından bəri ilk dəfə məhdud və ciddi nəzarət altında ikitərəfli keçid üçün açılan məntəqədən 9 qadın və 3 uşaq olmaqla 12 fələstinli keçib. Onlar Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsus avtomobillərin müşayiəti ilə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına çatdırılıblar.

Qəzza zolağında həyata keçirilən hücumlarla bağlı sərt tənqidlər fonunda İsrailin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etməyə hazırlaşdığı iddia edilir. Israel Hayom qəzetinin məlumatına görə, İsrailin Diaspora Nazirliyi aralarında siyasətçilər, jurnalistlər, akademiklər və ictimai xadimlərin olduğu 29 Türkiyə vətəndaşının İsrailə girişinin əngəllənməsi ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib.

Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın yeni elan etdiyi “Sülh Şurası”nın (Board of Peace) Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzuna xələl gətirə biləcəyi ilə bağlı narahatlıqlar fonunda, beynəlxalq birliyi bu qurumun “mərkəzi rolu”nu qorumağa səsləyib. Cümə günü braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə telefon danışığı aparan Si Cinpin, Trampın beynəlxalq normaları sarsıdan yeni təşəbbüsünə qarşı Braziliya ilə gücləri birləşdirməyin vacibliyini vurğulayıb. Hər iki ölkə Trampın qrupuna dəvət alsa da, iştiraklarını təsdiqləməyiblər və Pekin bu addımı BMT-yə qarşı bir rəqabət cəhdi kimi qiymətləndirir.

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumu çərçivəsində "Qəzza Sülh Şurası" üçün imzaların atıldığını və bölgədə hərbi əməliyyatların sona çatdığını elan edib. Forumdakı çıxışı zamanı Tramp HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə inandığını vurğulayıb. ABŞ lideri Qəzzada sülhün qısa müddət ərzində tam bərpa olunacağını və bölgənin yenidən qurulması prosesinə başlayacaqlarını diqqətə çatdırıb. Sülh Şurasının yaradılması ilə müharibədən sonrakı bərpa işlərinin beynəlxalq koordinasiya daxilində idarə olunması nəzərdə tutulur.

İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına rəğmən Qəzza zolağının bir neçə istiqamətini hava hücumları və artilleriya atəşi ilə hədəf alıb. Şahidlərin verdiyi məlumata görə hücumlar əsasən Qəzza şəhəri, Bureyc qaçqın düşərgəsi və Xan Yunus bölgələrini əhatə edib. İsrail hərbi birləşmələri Xan Yunusun şərq hissəsinə havadan və qurudan zərbələr endirib, eyni zamanda hərbi maşınlardan mülki şəxslərə qarşı nizamsız atəş açılıb. Bureyc qaçqın düşərgəsinin şərqindəki ərazilər də intensiv hava hücumlarına məruz qalıb.

BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında yaşayan uşaqların acınacaqlı vəziyyəti ilə bağlı həyəcan təbili çalaraq dəhşətli hesabat yayıb. Təşkilatın sözçüsü Ceyms Elderin verdiyi məlumata görə, 2025-ci ilin oktyabrında əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə hər gün orta hesabla bir uşaq həyatını itirir. Atəşkəs dövründə həlak olan uşaqların ümumi sayı artıq 100-ə çatıb.