#Murat İkinci

ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və Çelik Kubbe sistemi ilə bağlı mühüm açıqlamalar verib. O, ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib. Murat İkinci xüsusilə ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir.

ROKETSAN 2026-cı ildə strateji raket sistemləri və kosmik texnologiyalar sahəsində mühüm yenilikləri istifadəyə verməyə hazırlaşır. Baş direktor Murat İkinci yeni ildə istehsal güclərinin ciddi şəkildə artacağını və bir çox layihənin seriyalı istehsal mərhələsinə qədəm qoyacağını açıqlayıb. Xüsusilə "TAYFUN BLOK-4" ballistik raketi, "GÖKBORA" hava-hava raketi və hipersəs sistemləri ilə bağlı yeni müjdələrin yaxın zamanda ictimaiyyətlə paylaşılacağı gözlənilir.

Türkiyənin müdafiə sənayesi nəhəngi olan ROKETSAN 2025-ci ili maliyyə baxımından böyük uğurlarla başa vuraraq dövriyyəsini 2 milyard dollardan yuxarı qaldırıb. Şirkətin baş direktoru Murat İkinci keçən il ərzində gəlirlərin dollar bazında 50 faiz artdığını bildirib. Onun sözlərinə görə ROKETSAN hazırda dünyanın ən sürətlə böyüyən müdafiə şirkətləri arasında yer alır. Şirkətin ixrac göstəriciləri də rekord həddə çataraq 750 milyon dolları ötüb ki bu da bir il əvvəlki göstəricidən 50 faiz çoxdur.

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

ROKETSAN-ın baş direktoru Murat İkinci, yerli və milli imkanlarla hazırlanmış ballistik raket sistemi TAYFUN BLOK-4-ün inkişaf mərhələsinin sonlarına yaxınlaşdığını və test atışlarına yaxın zamanda başlanacağını açıqlayıb.