Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasına aid qayıqlarda olan 18 Türk vətəndaşının bu gün günortadan sonra xüsusi təyyarə reysi ilə ölkəyə gətiriləcəyini açıqlayıb. Keçeli sosial media hesabında paylaşdığı məlumatda qeyd edib. “İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasına aid texnikalarda olan 18 vətəndaşımız, təşkil olunan xüsusi təyyarə reysi ilə bu gün günortadan sonra ölkəmizə gəlir. Həmin reys vasitəsilə ümumilikdə 21 ölkədən 94 fəal təxliyə olunur.”
#Qəzza
Almaniya Kansleri Fridrix Merts, İsrail ilə Fələstinli silahlı qruplaşma HƏMAS arasında atəşkəsin ratifikasiya edilməsindən sonra Qəzzaya dərhal humanitar yardım göndərəcəyini açıqlayıb. Merts X platformasında etdiyi paylaşımda, Almaniyanın Qəzzaya 29 milyon avro (təxminən 34 milyon dollar) dəyərində humanitar yardım göndərəcəyini bildirib.
İsrail ordusu atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir. Hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus qırıcı təyyarələr və artilleriya birlikləri bu gecə atəşkəs razılaşması təsdiqləndikdən sonra səhər saatlarında Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsini hədəfə alıblar.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri, Türkiyənin Qəzzada yaradılacaq beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama verib. Nazirlik, Türk Silahlı Qüvvələrinin barışın bərqərar olunması və qorunmasında böyük təcrübəyə sahib olduğunu və üzərinə düşəcək hər cür vəzifəyə hazır olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın, HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasının yerində tətbiqini izləyəcək beynəlxalq qüvvədə Türkiyənin də iştirak edəcəyini açıqlamasının ardından, Ankara hökumətinin bu prosesə necə töhfə verəcəyi diqqət mərkəzinə çevrilib.
İsrail hökuməti cümə günü səhər saatlarında Fələstin HƏMAS hərəkatı ilə Qəzzada atəşkəs razılaşmasını təsdiqləyib. Bu qərar, 24 saat ərzində döyüş əməliyyatlarının dayandırılması və 72 saat ərzində israilli girovların azad edilməsi üçün yol açır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.
HƏMAS sözçüsü Hazem Qasim bildirib ki, İsrail atəşkəs razılaşmasının bəzi mühüm maddələrini, xüsusilə əsir mübadiləsi və Qəzzadan çıxma ilə bağlı maddələri manipulyasiya etməyə çalışır. Qasim açıqlamasında deyib ki, İsrail bu maddələri sui-istifadə etməyə cəhd edir və bu məsələlərin müzakirəsindən yayınır.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.
İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.
HƏMAS hərəkatından bir mənbə Frans Press agentliyinə açıqlamasında bildirib ki, Misirdə aparılan dolayı danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmanın birinci mərhələsi Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə yanaşı, İsrail həbsxanalarında olan 2000-dən çox fələstinli məhbusun azad olunmasını nəzərdə tutur.
Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub. HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib. “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının ilk mərhələsinin təsdiqlənməsini “əhəmiyyətli diplomatik uğur” və “gerçək bir fürsət” kimi qiymətləndirib və Aİ-nin bu prosesi dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb. Kallas, atəşkəs planının ilk mərhələsinin qəbulundan sonra ABŞ mənşəli X sosial media platformasında paylaşım edərək bunun vacib bir irəliləyiş olduğunu bildirib.