#Livan-İsrail sərhəd gərginliyi

İsrail işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində tam yerləşmə prosesini başa çatdıra bilsin. Bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşündə bildirib. Prezident Administrasiyasının yaydığı açıqlamada Aunun sözlərinə istinadən bildirilib ki, “Livan hərbçiləri hazırda Litani çayından cənubdakı ərazilərin 85 faizinə nəzarət edir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhəddə yerləşməyə İsrail mane olur və aqressiv hücumlarını davam etdirir.”

İsrailin BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinə (UNIFIL) hücumunun beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxuma olduğunu bildirən Livan Prezidenti Cozef Avn, bu hücumu qınayıb. Livan Prezidentliyindən yayılan yazılı açıqlamaya görə, Avn, İsrailin UNIFIL üzvlərinə Livanın cənubundakı vəzifələri zamanı hücumundan sonra UNIFIL Missiyasının rəhbəri və komandiri Diodato Abagnara ilə telefonla danışıb. Görüşdə Avn, Diodatoya İsrail ordusunun UNIFIL-ə qarşı hücumunu qınadığını bildirib. Livanın cənubundakı İsrail işğalının sona çatdırılması və Livanlı məhbusların qaytarılması ilə bağlı beynəlxalq çağırışları və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini xatırladan Avn, İsrailin bu çağırışları görməzlikdən gəldiyini və beynəlxalq ictimaiyyətin iradəsinə meydan oxumağa davam etdiyini vurğulayıb.

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tomas Barrak İsrailə səfər edərək ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Bu barədə Axios portalı məlumat yayıb. “ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak İsrailə səfərə gəlib və Netanyahu ilə görüşərək ABŞ prezidenti Donald Trampın İsrailə Livana endirilən zərbələri məhdudlaşdırması ilə bağlı xahişini, həmçinin Suriya ilə aparılan danışıqları müzakirə edib” - deyə, məlumatda qeyd olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Deyr Kifa şəhərində "Hizbullah"a məxsus silah anbarını hədəfə aldığını açıqlayıb. Ordunun bəyanatında silah anbarının mövcudluğunun İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulması olduğu vurğulanıb. “İD İsrail və vətəndaşlarına qarşı təhdidləri aradan qaldırmaq üçün səylərini davam etdirəcək”, – açıqlamada bildirilib. Hücumdan sonra şəhərdə çaxnaşma yaşandığı, yayılan həvəskar kadrların panika anlarını əks etdirdiyi qeyd olunub. Livan mediası isə əməliyyatın iki yer-yer raketi ilə həyata keçirildiyini və ölənlərlə yaralıların olduğunu iddia edib.

İsrail ordusunun Livanın cənubunda müxtəlif bölgələrə həyata keçirdiyi hücumlarda azı 7 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Livanın NNA agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz aparat Tir şəhərinin əl-Huş qəsəbəsində bir avtomobili hədəfə alıb. Hadisə nəticəsində əraziyə və bir yaşayış evinə ziyan dəyib. İsrail döyüş təyyarələri həmçinin Nəbatiyə vilayətinin Ənsar qəsəbəsinə hava zərbələri endirib. Naqoura və Əl-Zaraniyə bölgələri də hücumlara məruz qalıb. İsrail ordusu açıqlamasında zərbələrin Hizbullahın infrastrukturuna, silah anbarlarına və raket meydançalarına yönəldiyini bildirib.

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.