Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən açıqlanan Qəzza münaqişəsinə son qoymaq üçün Kompleks Planın dəstəklənməsinə qərar verildiyini xatırladıb. Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin edilməsi və bölgənin yenidən qurulmasından məsul olacaq Sülh Şurası və müvafiq qurumların təsis edildiyi bildirilib.
#Qəzza sakinlərinin köçü
İsrailin müdafiə naziri Yisrael Katz, "The New York Times" qəzetinin peyk görüntülərinə əsaslanaraq hazırladığı araşdırmadan sonra qalmaqallı açıqlama ilə çıxış edib. Nazir, 10 oktyabrda qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında 2500-dən çox binanı və geniş kənd təsərrüfatı sahələrini məhv edən İsrail ordusunu açıq şəkildə təbrik edib.
İsrail ordusunun atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağında davam etdirdiyi hücumlar nəticəsində Xan Yunus şəhərində bir mülki vətəndaş həlak olub. Xəstəxanadan alınan məlumata görə, İsrail hərbçilərinin Xan Yunus şəhərində açdığı atəş nəticəsində 62 yaşlı Sabah Əhməd Əli Cami dünyasını dəyişib, bir neçə fələstinli isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə şahidləri bildiriblər ki, İsrail ordusu atəşkəs çərçivəsində geri çəkildiyi Xan Yunusun şərq və qərb hissələrindən qaçqınların sığındığı çadır düşərgələrinə pilotsuz uçuş aparatları vasitəsilə intensiv zərbələr endirib.
Qəzzadakı Fələstin hökuməti 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinə dair rəsmi hesabatını açıqlayıb. Hökumətin Media Ofisi atəşkəsin ikinci mərhələsinə keçildiyi bir vaxtda ötən 95 gün ərzində İsrail ordusunun beynəlxalq hüququ sistematik şəkildə pozduğunu bəyan edib. Hesabata əsasən, atəşkəs dövründə İsrail tərəfindən 1244 pozuntu qeydə alınıb və bu hücumlar nəticəsində 449 fələstinli həyatını itirib, 1246 nəfər isə yaralanıb. Həmçinin İsrail ordusunun 581 dəfə mülki yaşayış binalarını bombaladığı və 195 evi tamamilə dağıtdığı bildirilir.
İsrail ordusunun Qəzza zolağında davam etdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 71 min 441-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində yaşanan can itkilərinə dair son məlumatları açıqlayıb. Verilən məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi əməliyyatlar zamanı yaralananların ümumi sayı isə 171 min 329 nəfərə çatıb.
Fələstindəki məlumatlı mənbələr Qəzza zolağını müvəqqəti idarə edəcək texnokratlar komitəsinin əksər üzvləri barədə razılığın əldə olunduğunu bildiriblər. 18 nəfərdən ibarət olacaq komitənin tərkibinə Qəzzada yaşayan iş adamları, akademiklər və vətəndaş cəmiyyəti fəalları daxildir. Təsdiqlənmiş üzvlərə çərşənbə günü Misirin paytaxtı Qahirəyə yollanmaq barədə məlumat verilib. Bildirilir ki, siyahıda Fələstin Muxtariyyətinin Nəqliyyat Nazirliyinin keçmiş katibi Əli Şaat, mühəndis Bəşir ər-Rayyes, Fələstin Tibbi Yardım Cəmiyyətinin direktoru Aed Yaği və Fələstin Universitetinin prezidenti Caber əl-Daour kimi tanınmış şəxslər yer alıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder Qəzzada təxminən üç aydır davam edən atəşkəs rejiminə baxmayaraq 100-dən çox uşağın öldürüldüyünü açıqlayıb. BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransına onlayn qatılan Elder Qəzzadakı vəziyyəti dəyərləndirib. Onun sözlərinə görə, 19 oktyabr 2025-ci ildə başlayan atəşkəsdən bəri hər gün orta hesabla bir uşaq həyatını itirib. Elder atəşkəs dövründə bombardmanların və hücumların tam dayanmadığını, Qəzzada həyatın uşaqlar üçün boğucu olmağa davam etdiyini vurğulayıb.
Qəzza zolağında didərgin düşmüş fələstinlilər üçün qurulan 135 min çadırdan 127 mininin ağır qış şərtləri səbəbindən sığınacaq üçün yararsız hala gəldiyi açıqlanıb. Qəzzadakı Hökumətin Medya Ofisinin rəhbəri İsmayıl əs-Sevabite bölgədəki ailələrin köhnəlmiş çadırlarda və təcrid olunmuş ərazilərdə yaşadığını bildirib. O qeyd edib ki, ərazidə qütb mənşəli kəskin soyuqların təsiri nəticəsində çadırların böyük əksəriyyəti öz funksiyasını itirib. Hazırda bölgədə yorğan, döşək və sığınacaq böhranı boğucu həddə çatıb.
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS-ın yüksək rütbəli polis zabiti silahlı hücum nəticəsində öldürülüb. HƏMAS-a bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, naməlum şəxslər hərəkətdə olan avtomobildən atəş açaraq Xan Yunis cinayət axtarış şöbəsinin rəisi Mahmud əl-Astalı qətlə yetiriblər. HƏMAS rəhbərliyi bu hücumda "İsrail əməkdaşlarını" ittiham edib. Hücumun məsuliyyətini Xan Yunisin şərqində, İsrailin nəzarəti altındakı bölgədə fəaliyyət göstərən anti-HƏMAS qruplaşmasının lideri Hüsam əl-Astal öz üzərinə götürüb. O, sosial şəbəkə hesabında paylaşdığı videoda HƏMAS ilə əməkdaşlıq edənləri hədələyərək hücumların davam edəcəyini bildirib. İsrail hərbi rəsmiləri isə ərazidə hər hansı əməliyyatdan xəbərsiz olduqlarını bəyan ediblər.
Atəşkəsə baxmayaraq, İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları nəticəsində iki fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb. 38 yaşlı fələstinli Məhəmməd Xalid Məhəmməd əl-Kəhvəci Qəzzanın cənubundakı Xan Yunisin Beni Suheila bölgəsində İsrail pilotsuz təyyarəsinin hədəfinə çevrildikdən sonra həlak olub. Şahidlər bildiriblər ki, İsrail pilotsuz təyyarəsi Kəhvəcinin yerləşdiyi əraziyə bomba atıb və nəticədə onun ölümü ilə nəticələnib.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Qəzzanın bölünməsini qəti şəkildə rədd etdiklərini bildirib və İsrailin Qəzzanın heç bir hissəsində legitimliyinin olmadığını bəyan edib. Abbas “Fəth” Hərəkatının İnqilab Şurasının 13-cü dövr açılışında çıxışı zamanı Fələstin Dövlətinin Qəzza, Qərbi Şəriə və Şərqi Qüdsü əhatə edən vahid və bölünməz coğrafi-siyasi bütöv olduğunu vurğulayıb. O, əsas prioritetlərin Qəzzada atəşkəsin daimi xarakter alması və humanitar yardımların dərhal bölgəyə daxil olmasının təmin edilməsi olduğunu deyib.
İsrail ordusunun Qəzza Zolağının şimalında yerləşən Cibaliya Qaçqın Düşərgəsində açdığı atəş nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub. Xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu atəşkəs çərçivəsində geri çəkildiyi düşərgədə təhlükəsizliyi pozaraq təsadüfi atəş açıb. Kampta yaşayan 11 yaşlı Hemse Nidal Husu, İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib.