#Qəzzada humanitar böhran

İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin qeyd olunub ki, İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.

Cenevrədə fəaliyyət göstərən Avro-Aralıq dənizi İnsan Haqları Monitoru (Euro-Med) Qəzzanın Zeytun məhəlləsində baş verən son hücumları qiymətləndirib. Açıqlamada bildirilir ki, İsrail altı gün ərzində uzaqdan idarə olunan partlayıcılar, hava hücumları və artilleriya atəşi ilə təxminən 400 evi dağıdıb və 90 mindən çox sakini məcburi köçkün edib. Euro-Med həmçinin bildirib ki, məktəblər və məscidlər də hücumların hədəfi olub və dağıntılar altında qalan ölü və yaralıların çıxarılması mümkün olmayıb. Təşkilatın açıqlamasında bu hücumların Qəzzanı tamamilə işğal etmək və məhəllələri boşaltmaq məqsədilə həyata keçirildiyi, sistemli soyqırım siyasətinə uyğun olduğu vurğulanıb.

Qəzzadakı Fələstin hökuməti İsrailin Əqsa Şəhidləri Xəstəxanasını yenidən hədəf aldığını açıqlayıb. Hökumətin Media Ofisinin yaydığı məlumata görə, İsrailin döyüş təyyarələri bu gün xəstəxanaya hava hücumu təşkil edib. Bu, 7 oktyabr 2023-cü ildən bəri həmin xəstəxanaya edilən 13-cü hücumdur. Açıqlamada bildirilib ki, hücum İsrailin Qəzzadakı səhiyyə infrastrukturunu sistemli şəkildə hədəfə almaq niyyətində olduğunu göstərir. “İsrail ordusu bu gün, cümə günü, xəstəxananın içində yerləşən bir qaçqın çadırını – xüsusilə poliklinika şöbəsinin üzərində yerləşən hissəni – bombalayıb”, – deyə məlumatda qeyd olunub.

İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 51 fələstinli həlak olub, 369 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında davam edən hücumlarda həlak olan mülki şəxslərin ümumi sayı 61 827-yə, yaralananların sayı isə 155 275-ə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun Qəzza zolağının qərb və mərkəz hissələrinə təşkil etdiyi hava hücumları nəticəsində azı 8 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb. Fələstinli xəstəxana mənbələrinin və görgü şahidlərinin bildirdiyinə görə, hava hücumları əsasən mülki vətəndaşları hədəfə alıb. Məlumata görə, Qəzzanın mərkəzində yerləşən Netzarim dəhlizi yaxınlığında yerləşən və guya humanitar yardım paylanan mərkəzdə gözləyən mülki şəxslərə edilən hava zərbəsi nəticəsində 2 fələstinli həlak olub.

İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbələri nəticəsində şəhərin kanalizasiya sistemi zədələnib, Nasser xəstəxanası kanalizasiya suları altında qalıb. Hadisə zamanı xəstəxananın təcili yardım otağı və bəzi palatalar su basıb. Həkim və tibb bacıları sel suları içində xəstələrə yardım göstərməkdə çətinlik çəkiblər. Xəstəxananın Daxili Xəstəliklər Şöbəsinin müdiri Xalid Əhməd bildirib ki, bəzi xəstələr oksigen cihazına bağlı vəziyyətdədir və onların köçürülməsi mümkün deyil.

Yeddi Qremmi mükafatı laureatı olan Madonna sosial şəbəkə paylaşımında Papadan qarşıdurmaların ortasında qalan günahsız uşaqları xilas etmək üçün humanitar yardım qapılarının tam açılmasına kömək göstərməsini istəyib. ​“Çox gec olmadan işığınızı uşaqlara çatdırın. Mən bir ana olaraq onların əzabına dözə bilmirəm. Dünya uşaqları hamımızındır. Qəzzaya girə biləcək yeganə şəxs sizsiniz” – deyə o bildirib. Madonna, siyasətin dəyişiklik yaratmadığını, yalnız məlumatlılıq gətirdiyini vurğulayıb və heç bir tərəfi günahlandırmadığını, məqsədinin yalnız uşaqların həyatını xilas etmək olduğunu qeyd edib.

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 15 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və şahidlərin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında yenidən köçkün düşənlərin çadırlarını, mülki insanların evlərini və yardım gözləyən şəxsləri hədəfə alıb. İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsində bir evi bombalaması nəticəsində 4 fələstinli həyatını itirib, 2 nəfər yaralanıb. Eyni məhəllədə başqa bir evə edilən hücum zamanı da 4 nəfər ölüb.