#Qəzzada humanitar böhran

İsrailin iki ilə yaxın davam edən hərbi əməliyyatlarından sonra minlərlə fələstinli öz evlərinə qayıtmağa başlayıb. Lakin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bu gün açıqlayıb ki, Qəzza zolağında binaların 80 faizi ya tamamilə dağıdılıb, ya da ağır zərər görüb, əhalinin isə demək olar ki, hamısı məcburi köçkünə çevrilib. Agentliyin hesabatına görə, 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri səhiyyə müəssisələrinə və tibb işçilərinə qarşı 790-dan çox hücum qeydə alınıb.

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

İsrail ordusunun Qəzza zolağından qismən geri çəkilməsi və atəşkəsin qüvvəyə minməsindən sonra yüz minlərlə fələstinli Qəzzənin mərkəzi və cənub bölgələrindən şimal istiqamətinə qayıtmağa davam edir. İsrailin hücumları zamanı evlərini tərk etmək məcburiyyətində qalan minlərlə fələstinli, sığındıqları mərkəzləri tərk edərək, Qəzza şəhəri və şimal bölgələrdə yerləşən evlərinə doğru yola çıxıblar.

Fələstin Səhiyyə mənbələrinin məlumatına görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 155 şəhidin cəsədi çatdırılıb, onlardan 135 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bu barədə WAFA Fələstin Xəbər Agentliyi məlumat yayıb. Mənbələrə əsasən, cümə günü İsrail ordusunun atəşi nəticəsində 19 fələstinli həlak olub, daha bir nəfər isə əvvəlki yaralanmalarından dünyasını dəyişib.

Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş razılaşmanı alqışlayırıq. Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Rikardo Pires bildirib ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 64 mindən çox uşaq ya həyatını itirib, ya da yaralanıb. Cenevrədə BMT Ofisinin həftəlik brifinqində çıxış edən Pires, bu gün başlayan atəşkəsin, Qəzzadaki uşaqlar üçün ümid işığı olduğunu bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasına aid qayıqlarda olan 18 Türk vətəndaşının bu gün günortadan sonra xüsusi təyyarə reysi ilə ölkəyə gətiriləcəyini açıqlayıb. Keçeli sosial media hesabında paylaşdığı məlumatda qeyd edib. “İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasına aid texnikalarda olan 18 vətəndaşımız, təşkil olunan xüsusi təyyarə reysi ilə bu gün günortadan sonra ölkəmizə gəlir. Həmin reys vasitəsilə ümumilikdə 21 ölkədən 94 fəal təxliyə olunur.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.