#İsrail-HƏMAS atəşkəsi

İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.

İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.

HƏMAS hərəkatı vasitəçilərin təklifini qəbul etdikdən sonra İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada işğal planı ilə razılaşmaya mane olduğunu açıqlayıb. Hərəkatın bəyanatında Netanyahunun məhbus mübadiləsi və atəşkəs razılaşmalarına əsas maneə olduğu vurğulanıb. “Biz qismən razılaşmanı qəbul etdik və hərtərəfli razılaşmaya hazır olduğumuzu nümayiş etdirdik, lakin Netanyahu bütün həll yollarını rədd edir”, – deyə HƏMAS bəyan edib. Qruplaşma Netanyahunun hər dəfə razılaşma yaxınlaşanda yeni şərtlər irəli sürdüyünü və danışıqları gecikdirdiyini bildirib. Bəyanatda həmçinin İsrailin soyqırım və aclıq siyasətinə qarşı rəsmi və ictimai təzyiqlərin artırılmasına çağırış edilib.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.

HƏMAS-ın sosial media hesabından yayılan bəyanatda təşkilatın və Fələstin fraksiyalarının vasitəçilər Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs planını təsdiqlədiyi bildirilib. HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim də açıqlamasında, “Hərəkat vasitəçilərin yeni təklifini qəbul etdi. Allahdan xalqımıza qarşı müharibənin dayandırılmasını diləyirik”, – deyə qeyd edib.

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.