#Atəşkəs çağırışı

İsrail ordusunun Livanın cənubunda müxtəlif bölgələrə həyata keçirdiyi hücumlarda azı 7 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Livanın NNA agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz aparat Tir şəhərinin əl-Huş qəsəbəsində bir avtomobili hədəfə alıb. Hadisə nəticəsində əraziyə və bir yaşayış evinə ziyan dəyib. İsrail döyüş təyyarələri həmçinin Nəbatiyə vilayətinin Ənsar qəsəbəsinə hava zərbələri endirib. Naqoura və Əl-Zaraniyə bölgələri də hücumlara məruz qalıb. İsrail ordusu açıqlamasında zərbələrin Hizbullahın infrastrukturuna, silah anbarlarına və raket meydançalarına yönəldiyini bildirib.

HƏMAS 19 avqust Ümumdünya Humanitar Günü ilə bağlı yayılan açıqlamasında beynəlxalq dövlətləri Qəzzaya humanitar yardımların çatdırılması və İsrailin blokadasının sona çatdırılması üçün təzyiq göstərməyə çağırıb. HƏMAS bildirib ki, İsrailin Qəzzaya hücumları, səhiyyə sektorunu sarsıtması və humanitar yardımı məhdudlaşdırması nəticəsində bölgədə ciddi aclıq və humanitar fəlakət yaşanır. Təşkilat dünya dövlətlərini Qəzzada soyqırımı dayandırmağa, işğalçı liderləri, xüsusilə Netanyahunu mühakimə etməyə və əhalinin həyatı üçün həyati əhəmiyyətli yardımların çatdırılmasını təmin etməyə çağırıb.