#Rusiya-Ukrayna müharibəsi

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo çərşənbə günü ümumi auditoriya zamanı çıxış edərək Yaxın Şərq və Ukrayna müharibəsində sülh üçün çağırış edib. O, avqustun 22-ni “sülh, ədalət və silahlı münaqişələrdə əziyyət çəkənlər üçün dua və oruc günü” elan etdiyini bildirib. Papa həmçinin tərəfləri atəşkəsə və dialoqa dəvət edib. Qeyd edək ki, Papa XIV Leo daha əvvəl də İsrailin hücumları altında olan Qəzzada beynəlxalq humanitar hüquqa riayət olunması və atəşkəsin təmin edilməsi çağırışı etmişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığında ikitərəfli münasibətlər də diqqət mərkəzində olub. Tərəflər Rusiya və Türkiyə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsi ideyasını gündəmə gətirib. ABŞ ordusunun quru qoşunlarını yerləşdirməyəcəyini bildirən Tramp, hava hücumundan müdafiə, döyüş təyyarələri və kəşfiyyat imkanları ilə Avropa qoşunlarını dəstəkləmək variantlarını nəzərdən keçirdiklərini vurğulayıb. Müzakirələrdə Putinin iştirakı ilə sammit üçün üç şəhərin adı çəkilir: Budapeşt, Cenevrə və Moskva. Macarıstanın seçilməsi Zelenski üçün riskli hesab olunur, çünki baş nazir Viktor Orban Putinin yaxın müttəfiqi sayılır. Fransa prezidenti Emmanuel Makron isə Cenevrəni ən uyğun seçim kimi təqdim edib. Rusiya isə sammitin Moskvada keçirilməsini gündəmə gətirib.

NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.

ABŞ prezidenti Donald Tramp potensial Rusiya–Ukrayna razılaşması ilə bağlı açıqlama verib. O bildirib ki, Ukraynanın Avropa ilə Rusiya arasında “bufer” rolunu oynayacağını düşündüyünü, lakin NATO üzvlüyünün gündəmdə olmadığını qeyd edib. Tramp çıxışında “Vaxt itirmək istəmirəm. Sadəcə bu müharibəni bitirmək istəyirəm” deyərək, münaqişənin həlli üçün sürətli nəticə əldə etmək istədiyini vurğulayıb. “Ola bilsin ki, Putin razılaşmaq istəmir. Bir neçə həftə ərzində Putin haqqında daha çox məlumat əldə edəcəyik” - deyə o bildirib.