Misir İsrailin baş naziri Benyamin Netanyahunu oktyabrın 10-da qüvvəyə minmiş Qəzza atəşkəsinin ikinci mərhələsinin icrasına mane olmağa çalışmaq və regionu yeni münaqişəyə sürükləməkdə ittiham edib. Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Ziya Rəşvan bildirib ki, Netanyahunun məqsədi ABŞ-ın diqqətini İran, Suriya və Livan kimi digər regional məsələlərə yönəldərək atəşkəsi sabotaj etməkdir.
#Uşaq ölümü Qəzza
Son iki ildə Qəzzaya göndərdiyimiz yardım 105 min tona çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri Ədalət və İnkişaf Partiyası (AK Parti) Genişləndirilmiş Vilayət Sədrləri Toplantısında çıxışında bildirib. Ərdoğan İsrailin Qəzzadakı insani vəziyyətə mane olduğunu və gündəlik 600 tır yardımın təmin edilmədiyini bildirdi. Ərdoğan, son iki ildə Qəzzaya göndərilən yardımın 105 min tona çatdığını, əhalinin dərmana, qidaya, geyimə və isinməyə ehtiyacı olduğunu vurğulayıb. Türkiyənin mübarək üç aylar boyunca Qəzzadakı yardımlarını artırmağa davam edəcəyi bildirib.
Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Büro üzvü Xəlil əl-Həyyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə Ankarada görüşüb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, bu gün Ankarada keçirilən görüşdə Qəzzadakı mövcud vəziyyət ətraflı şəkildə müzakirə olunub. Xüsusilə Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Hakan Fidan Türkiyənin fələstinlilərin hüquqlarını beynəlxalq platformalarda qətiyyətlə müdafiə etməyə davam etdiyini vurğulayıb. O, Qəzzada yaşanan humanitar faciənin yüngülləşdirilməsi məqsədilə Türkiyənin həyata keçirdiyi sığınacaq və humanitar yardım fəaliyyətləri barədə nümayəndə heyətinə məlumat verərək, bölgədə yaraların sarılması istiqamətində Ankaranın mövqeyinin dəyişməz olduğunu bildirib.
İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlar nəticəsində son 48 saat ərzində daha 12 nəfər həlak olub, ümumi ölənlərin sayı 70 min 937-yə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin hücumları nəticəsində baş verən itkilər və dağıntılar altından çıxarılan meyitlərlə bağlı son məlumatlar açıqlanıb. Bildirilib ki, son 48 saat ərzində İsrailin hücumları nəticəsində, 8-i dağıntılar altından çıxarılmaqla 12 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb. Eyni zamanda 7 yaralının da tibbi müəssisələrə yerləşdirildiyi qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Qəzzada tibbi təxliyə gözləyən 1092 xəstənin həyatını itirdiyini bildirib. Gebreyesus bu barədə ABŞ mərkəzli X sosial şəbəkə platformasında paylaşım edib. O qeyd edib ki, ÜST və tərəfdaşları 2023-cü ilin oktyabr ayından etibarən aralarında 5 min 600-dən çox uşağın da olduğu, ağır sağlamlıq problemləri yaşayan 10 min 600-dən artıq xəstəni Qəzzadan təxliyə edib. Bununla belə, müalicə almaq üçün təxliyə gözləyən çoxlu sayda xəstə hələ də Qəzzada qalmaqdadır.
İsrail ordusunun, yürürlükdə olan atəşkəsə baxmayaraq, Qəzza Zolağının müxtəlif bölgələrinə hava zərbələri, topçu atəşləri və silahlı hücumlarla müdaxilələrini davam etdirdiyi bildirilib. yerli mənbələrdən alınan məlumata görə, İsrail qüvvələri Zolağın şimalında Qəzza şəhərinin şərq rayonları və cənubda Xan Yunisi şəhərinin şərq və şimal hissələrini hədəf alıb. Xan Yunisi şəhərinin şərq hissəsi İsrail hərbi təyyarələrinin intensiv bombardmanı və topçu atəşləri ilə sarsılır, bölgədə səhər saatlarından etibarən tez-tez silah səsləri eşidilir. Şəhərin qərb ərazilərində isə İsrail hücum gəmilərindən dənizə çıxan fələstinli balıqçıların qayıqlarına qarşı avtomat silahlarla atəş açıldığı bildirilib.
Fələstinin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəsi Riyad Mansur bildirib ki, İsrail BMT-nin qəbul etdiyi qərarlara əməl etmək əvəzinə, onları pozmağı artırıb və Qəzza zolağındakı müharibəni dayandırmayıb. Mansur bu fikirləri BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı keçirilən iclasda çıxışı zamanı səsləndirib.
Qəzza zolağında havaların kəskin soyuması nəticəsində bədən temperaturu düşən fələstinli bir körpə həyatını itirib. Qəzzadakı Səhiyyə Nazirliyi mövzu ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada Qəzza şəhərində təsirli olan şiddətli soyuq hava səbəbindən bədən temperaturu aşağı düşən iki həftəlik Məhəmməd Xəlil Əbu Xeyrin iki gün əvvəl xəstəxanaya yerləşdirildiyi qeyd olunub. Körpənin müalicə üçün reanimasiya şöbəsinə alındığı, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi bildirilib.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İordaniya Xarici İşlər Naziri Eymen əs-Safedi və Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Feysəl bin Fərhan ilə telefon danışığı həyata keçirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə olunan məlumata görə, görüş zamanı Qəzza Sülh Planının icrası ilə bağlı bir sıra məsələlər ətraflı şəkildə müzakirə olunub. Fidan görüşdə bölgədə sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb, tərəflərin koordinasiyalı fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.
İsrail ordusu, işğal altında olan Şərqi Qüdsdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) mərkəzinə hücum edib. Hücumun, BMT qurumlarının toxunulmazlıq hüquqlarının açıq pozulması olduğu bildirilib. UNRWA-dan verilən açıqlamada, səhər saatlarında İsrail polisinin forklift və digər texnika ilə mərkəzə gəldiyi, çox sayda polis tərəfindən həyata keçirilən əməliyyat zamanı BMT işçilərinin mərkəzdə olmadığı bildirilib. Hücum zamanı ərazinin tamamilə bağlandığı, mərkəzdəki işçilərlə əlaqənin kəsildiyi qeyd olunub.
İsrail ordusu Qəzza Zolağının şimal və cənub bölgələrini havadan və artilleriya atəşləri ilə hədəf alıb, binaları partlatıb. Yerli şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus döyüş təyyarələri cənubdakı Rifah və Xan Yunis şəhərlərinin şərq bölgələrini bombalayıb. Bundan əlavə, şimaldakı Beyt Lahiya qəsəbəsi də hava hücumu ilə hədəfə alınıb. Bu hücumlarla eyni vaxtda Xan Yunisin şimal və şərq bölgələri də artilleriya atəşləri ilə vuruldu, helikopterdən atəş açıldı.
Cümə axşamı Tayland rəsmiləri bildiriblər ki, Qəzzadakı silahlılar tərəfindən İsrailə təhvil verilən qalıqlar 7 oktyabr 2023-cü ildə götürülən son Tayland girovuna aid olub. Tayland Xarici İşlər Nazirliyi İsrail hakimiyyətindən xəbər aldığını açıqlayıb. Bildirilib ki, çərşənbə günü geri qaytarılan girovun qalıqları Sudthisak Rinthalak-a aiddir. O, İsraildə kənd təsərrüfatı işçisi kimi çalışırdı.