#Uran zənginləşdirilməsi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir. Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb. O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.

Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.

Qazaxıstanın dövlət nüvə şirkəti “Kazatomprom” və Slovakiyanın aparıcı enerji şirkəti “Slovenské elektrárne a.s.” (SEAS) arasında təbii uran konsentratının tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.