#HƏMAS

HƏMAS-ın sosial media hesabından yayılan bəyanatda təşkilatın və Fələstin fraksiyalarının vasitəçilər Misir və Qətərin təqdim etdiyi yeni atəşkəs planını təsdiqlədiyi bildirilib. HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim də açıqlamasında, “Hərəkat vasitəçilərin yeni təklifini qəbul etdi. Allahdan xalqımıza qarşı müharibənin dayandırılmasını diləyirik”, – deyə qeyd edib.

HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.

HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhərinin hərtərəfli işğalı üçün plan hazırlayıb. Plana əsasən, təxminən 100 min əsgərin iştirakı ilə hücum həyata keçiriləcək və qoşunlara havadan dəstək veriləcək. Məqsəd əvvəlcə şəhəri mühasirəyə almaq, daha sonra isə tamamilə ələ keçirməkdir. İsrail mətbuatının yazdığına görə, Zamir planın mümkünlüyünü qiymətləndirmək üçün Qəzza zolağına da səfər edib. Artıq ordunun hücumlarını intensivləşdirdiyi şəhərdən mülki əhalinin çıxmağa başladığı bildirilir.

HƏMAS, İsrail Ordusunun Baş Qərargah rəisinin bu gün Qəzza şəhərinin işğal planlarını təsdiqləməyə hazırlaşmasının bölgədə yeni bir soyqırım və kütləvi köç dalğasının başlanğıcı olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, bu plan yüz minlərlə Qəzzə sakini və sığınan mülki şəxslər üçün kütləvi qırğın və məcburi köçürülmə təhlükəsi yaradır. HƏMAS İsrailin bu addımını böyük müharibə cinayəti kimi qiymətləndirib və 22 aydır davam edən soyqırım siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. ABŞ-ın bu siyasətə dəstək verdiyi də bildirilib.

Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.

İsrail ordusu Qəzza şəhərinin işğalı planı çərçivəsində 80-100 min ehtiyat əsgəri səfərbər etməyi nəzərdə tutur. “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhəri də daxil olmaqla bölgənin işğalı üçün hücum planının əsasını təsdiqləyib. Plan təsdiqləndikdən sonra Zamirin müəyyən etdiyi ilkin çərçivəyə əsasən ehtiyatda olan on minlərlə hərbçiyə çağırış göndəriləcək. Qəzza şəhərinin qərb hissəsində hündürmərtəbəli binalara hücumlar, HƏMAS-ın təchiz etdiyi iddia edilən qruplara qarşı əməliyyatlar və hücum manevrləri ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdiriləcəyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail "növbəti addım" barədə qərar verməlidir, lakin HƏMAS-ın Qəzzada qala bilməyəcəyini müdafiə edir. Tramp bu fikirləri "Axios" xəbər portalına telefon danışığı zamanı İsrailin Qəzzaya hücumları ilə bağlı şərh verərkən səsləndirib. İsrail Baş naziri Benyamin Netanyahunun Qəzzanın işğalı ilə bağlı qərarını açıq şəkildə dəstəklədiyini ifadə etməsə də, Tramp mövcud vəziyyətdə HƏMAS-ın əsirləri azad edəcəyinə inanmadığını deyib.

“Times of Israel” və “Haaretz”in istinad etdiyi diplomatik mənbələr bildirir ki, HƏMAS böyük güzəştlərə hazır olduğunu göstərərsə, İsrail siyasi rəhbərliyi bu hərbi əməliyyatı dayandıra bilər. Lakin iki tərəf arasında fikir ayrılıqlarının qalması ehtimalı hələ də yüksəkdir. Fələstinli mənbələr isə HƏMAS-ın danışıqlarda irəliləyiş istəyinin İsrailin Qəzzaya nəzarət planından çəkilib-çəkməməsindən asılı olduğunu vurğulayırlar. Bu xəbərlər İsrail-HƏMAS arasında danışıqların əvvəlki iflasından sonra gəlsə də, İsrailin razılığa hazır olduğunu göstərən siqnallar da mövcuddur.