#Abbas Arakçi

ABŞ və İran arasında danışıqlarda yaranmış durğunluğu aradan qaldırmaq məqsədilə Avstriya və Yunanıstanın da diplomatik təmaslara cəlb edildiyi bildirilir. “The Washington Post”un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bu həftə Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger və Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb və telefon danışığı aparıb. Bundan sonra hər iki nazir İranın xarici işlər naziri Abbas Arakçi ilə telefonla əlaqə saxlayıb.

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la danışıqların hazırda mümkün olmadığını açıqlayıb. O bildirib ki, Vaşinqtondan “müsbət və konstruktiv siqnallar” gəlmədiyi üçün Tehran masaya qayıtmaq niyyətində deyil. Arakçinin sözlərinə görə, yalnız ABŞ bərabər şərtlərlə danışıqlara hazır olsa, qarşılıqlı faydalı razılaşma əldə etmək mümkündür.

Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə danışıqları keçiriləcək. İranı bu görüşdə xarici işlər nazirinin müavinləri Məcid Təhravançi və Kazem Qəribabadi təmsil edəcək. İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, danışıqlar 2015-ci il nüvə sazişinin gələcəyini və tərəflərin öhdəliklərini müzakirə etmək məqsədi daşıyır. Böyük Britaniya, Fransa və Almaniya, ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli çıxmasından sonra İrana qarşı sanksiyaların bərpası ilə bağlı “snapback” mexanizmini işə salmaqla hədələyiblər. Bu bənd razılaşmanı pozduğuna görə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək. İran isə Avropa ölkələrinin sazişin prinsiplərini pozduğunu və bu mexanizmi işə salmaq hüquqlarının olmadığını bildirib. İran xarici işlər naziri Abbas Arakçi, Avropanın müqavilədəki rolunu itirdiyini və hüquqi əsas olmadan hərəkət etdiyini vurğulayıb.

İran lideri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi universitet tələbələri qarşısında çıxış edərkən İsraillə İran arasında hər an yeni müharibənin başlaya biləcəyini bildirib. Səfəvi “Bizimlə İsrail və ABŞ arasında heç bir protokol yoxdur. Atəşkəs yoxdur. Hər an yeni müharibə başlaya bilər. Biz güclü və hazır olmalıyıq” - deyə bildirib. İranın xarici işlər naziri Abbas Erakçi isə müharibənin tezliklə baş verəcəyinə inanmadığını bildirib. O, silahlı qüvvələrin və hökumətin hər hansı gözlənilməz vəziyyətə tam hazır olmasının müharibənin qarşısının alınmasında əhəmiyyətli rol oynadığını qeyd edib.