Avqust ayının sonunda İrandan yüksək rütbəli bir iraqlı rəsmiyə göndərilən məktubda ölkənin qərbindəki rəsmi sərhəd-keçid məntəqəsindən qeyri-adi güzəştlərin göstərilməsi istənilib. Məqsəd Livan “Hizbullah”ına Suriyadan keçməklə böyük məbləğdə pul daşınmasını təmin etmək idi. Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, müraciətə təhlükəsizlik və siyasi səbəblərdən müsbət cavab verilməyib. Suriyalı və livanlı mənbələrin məlumatına görə, son həftələrdə İranın “Hizbullah”a yardım göndərmək cəhdləri artıb. Qaçaqmalçılıq əməliyyatlarının bir qismi ifşa edilsə də, müəyyən məbləğlərin gizli şəbəkələrin köməyi ilə Livana çatdığı iddia olunur. ABŞ isə hazırda milyonlarla dolların necə “Hizbullah”a ötürüldüyünü izləməyə çalışır.
#Livan xəbərləri
Rəsmi dairələr Vaşinqtona hökumətin Hizbullahın silahlarını mərhələli şəkildə toplamaq öhdəliyini təsdiqləsə də, prezident Aun ölkə daxilində fərqli siqnallar göndərir. Onun mesajı belədir ki, partiyaya qarşı hərbi addım yalnız geniş siyasi konsensus əldə olunandan sonra mümkündür, bəlkə də ümumiyyətlə mümkün deyil, çünki bu, ölkəni daxildən partlada bilər.
Netanyahunun ofisi əlavə edib: “Əgər Livan Silahlı Qüvvələri Hizbullahı silahsızlaşdırmaq üçün lazımi addımlar atarsa, İsrail də qarşılıqlı tədbirlər görəcək. Buraya ABŞ-ın rəhbərlik etdiyi təhlükəsizlik mexanizmi ilə koordinasiyalı şəkildə İsrail hərbi varlığının mərhələli şəkildə azaldılması da daxildir”.
Bu gün Livan hakimiyyəti fələstinli qaçqın düşərgələrindəki silahların təhvil alınmasına başlayır. Bu addım təxminən üç ay əvvəl tərəflər arasında razılaşdırılmış planın birinci mərhələsinin icrası çərçivəsində, həm də Beyrutun silahların yalnız dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətindəki səylərinin bir hissəsi olaraq həyata keçirilir.
Livanın baş naziri Navaf Salam İsrailin baş naziri Benyamin Netanyahunun qondarma “Böyük İsrail” bəyanatlarını rədd edib və bu açıqlamaların ərəb ölkələrinin milli təhlükəsizliyinə birbaşa təhdid olduğunu bildirib. Əmmanda İordaniya kralı II Abdullah və hökumət rəsmiləri ilə görüşən Salam qeyd edib ki, Livan digər ərəb və islam ölkələri ilə birlikdə Netanyahunun “Böyük İsrail” planını qətiyyətlə rədd edir. Onun sözlərinə görə, İsrailin bəyanatları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Baş nazir həmçinin Qəzzada davam edən zorakılıqları, məcburi köçkün siyasətini və fələstinlilərə qarşı qətliamları pisləyərək, beynəlxalq ictimaiyyəti Fələstin xalqını qorumağa çağırıb. İordaniya kralı II Abdullah isə görüş zamanı Livanın təhlükəsizliyi və suverenliyinin qorunmasında dəstəyini ifadə edib, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Onların çoxu Hizbullah tərəfdarlarıdır; üzərlərində İran bayraqları və sarı rəmzlər daşıyaraq, “Şiə, Şiə, Şiə” şüarını üç dəfə təkrarlayaraq yürüşlər keçiriblər. Aksiyalar, hökumətin ayın sonuna qədər Hizbullahın silahlarının toplanmasına dair orduya tapşırıq verməsi qərarına etiraz olaraq təşkil edilib.
İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.
Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.
Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, Hizbullah da daxil olmaqla Livandakı bütün silahlı qruplaşmaların fəaliyyətinə son qoyulacaq və onların silahları dövlət inhisarına keçəcək. İnformasiya naziri Paul Markus bildirib ki, məqsəd ölkədə yalnız dövlətin silahlı qüvvələrinin mövcudluğunu təmin etməkdir. ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu addımı “tarixi və cəsarətli qərar” adlandırıb.
Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib. Onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib. Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir. Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.
Zərbələr ölkənin Bəqaa bölgəsində yerləşən Birital qəsəbəsinin təpəlik ərazilərini, Ayşiyyə, Nasiriyyə, Əl-Hüreybə, Zəhle qəsəbələri ilə Şəra bölgəsini, Əl-Cərmak qəsəbəsinin ətrafını, ölkənin cənubundakı Əl-Mahmudiyyə və Əl-Xardəli bölgələrinə endirilib.
Hizbullah rəhbərlərindən Mahmud Qamati xəbərdarlıq edib ki, partiyanın silahlandırılmasına son qoyulması Livanı təhlükə altına qoyacaq. ABŞ-ın Livanla bağlı təzyiqləri fonunda bu bəyanat mübahisələr doğurub.