İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir neçə Fələstin yaşayış məntəqəsində hərəkət məhdudiyyətlərini sərtləşdirib. Məhdudiyyətlər Nəbi Səmuil, Beyt İksa və Xəlailə bölgələrinin sakinlərinə şamil olunur. Sakinlərdən evlərinə gedib-gəlmək üçün xüsusi icazələr almaları tələb edilir. Beyt İksada təxminən 10 nəfər iki gündür evinə qayıda bilmir. Bəzi sakinlərə keçid icazələrinin olmadığı bildirilib. Digərlərinin isə “təhlükəsizlik qadağası” səbəbindən kəndə buraxılmadığı qeyd olunur. Bölgədəki yaşayış məntəqələrinə giriş hərbi nəzarət məntəqələri vasitəsilə həyata keçirilir. Yeni tədbirlərin fələstinli icmaların təcridini və sakinlərin gündəlik çətinliklərini daha da artırdığı bildirilir.