#Türk Silahlı Qüvvələri

Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA göydə tarixi bir testi uğurla başa vurdu. Testdə Türk Hava Qüvvələrinə məxsus iki F-16 döyüş təyyarəsi iştirak etdi. KIZILELMA, milli AESA radar MURAD ilə hədəf F-16-ya kilidləndi və qanadında daşıdığı milli GÖKDOĞAN raketi ilə simulyasiya atışında tam dəqiqliklə hədəfi vurdu. Tekirdağ Çorludakı AKINCI Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan KIZILELMA, 15 min fut hündürlükdə 1 saat 45 dəqiqə uçaraq həm F-16-larla qrup uçuşu etdi, həm də radar və silah inteqrasiyasını təsdiqlədi.

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsində şəhid olan Türk Hava Qüvvələri personalları ölkənin müxtəlif bölgələrində son mənzilə yola salınıb. Şəhid pilotlar və heyət üzvləri üçün Bursa, Kayseri, Ankara, Eskişehir, Karabük, Amasya, Niğde, Tekirdağ, Sakarya, Muğla, Samsun, Kırklareli, Çorum, Bilecik və Konya şəhərlərində rəsmi hərbi mərasimlər keçirilib.

Türkiyədə ALTAY Döyüş Tankının ardıcıl istehsalına başlanıb və ilk çatdırılmaları Türk Silahlı Qüvvələrinə həyata keçirilib. Yerli güc qrupu üzərində test və inkişaf işləri isə intensiv şəkildə davam edir. ALTAY tankının ilkin istehsalı Cənubi Koreyadan tədarük edilən güc qrupu ilə həyata keçirilib. Proyekt çərçivəsində 85 tank bu güc qrupu ilə hazırlanacaq və sonradan tamamilə yerli güc qrupuna keçid planlaşdırılır.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, NATO Müdafiə Nazir­ləri Toplantısında çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin (TSK) Qəzzada yaradılması planlaşdırılan çoxmillətli vəzifə qüvvəsində iştirak etməyə hazır olduğunu bəyan edib. Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gülər Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazir­ləri və Ukrayna Əlaqə Qrupu iclaslarından sonra açıqlama verib.

Xorvatiya müdafiə naziri İvan Anusiç sosial media paylaşımında Silahlı Qüvvələr üzvlərinin Baykar təlim mərkəzində hazırlıq prosesini uğurla başa vurduğunu bildirib. Təlimlərin ardından ölkədə Bayraktar TB2 PUA-larının sınaq uçuşları başlayıb və yaxın günlərdə bu fəaliyyətlərin gecə-gündüz davam edəcəyi vurğulanıb. Nazir həmçinin PUA-ların sərhəd təhlükəsizliyi, kəşfiyyat, müşahidə və meşə yanğınları ilə mübarizə sahələrində əhəmiyyətli töhfələr verəcəyini qeyd edib.