İran və Oman Hörmüz boğazından gəmilərin keçməsi üçün nəzərdə tutulan marşrut xəritəsi üzrə razılığa gəlib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, razılaşmanın əldə olunmasına baxmayaraq, proses hələ tam başa çatmayıb. Tehran və Maskat üç aydır təhlükəsiz gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparır. İran tərəfi son üç həftədə danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb. Marşrut xəritəsinin İranın müdafiə, təhlükəsizlik və ətraf mühit üzrə qurumlarının iştirakı ilə hazırlandığı bildirilib. Tərəflər hələ də birgə açıqlamanın məzmunu və digər məsələlər üzrə fikir mübadiləsini davam etdirirlər. İran razılaşmanın iki ölkənin suverenliyini qoruyaraq gəmilərin təhlükəsiz keçidini təmin etməyə yönəldiyini vurğulayıb.