İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yeni basqınlar həyata keçirib. İsrail qüvvələri Cenin şəhərinin cənubundakı Qəbatiyə qəsəbəsinə daxil olub. Ramallahın şimalındakı Sincil qəsəbəsində isə fələstinlilərə məxsus torpaqların hamarlanması davam etdirilir. "Vəfa" agentliyinin məlumatına görə, bu işlər İsrail yaşayış məntəqəsinin genişləndirilməsi məqsədilə aparılır. İsrail buldozerlərinin bir neçə gündür Qaraba ərazisində fəaliyyət göstərdiyi bildirilir. Sözügedən yaşayış məntəqəsinin bir neçə ay əvvəl təxminən bir hektar fələstin torpağında salındığı qeyd olunur. Ərazinin sonradan fələstinlilərə qarşı hücumlar üçün dayaq məntəqəsinə çevrildiyi bildirilir. Fələstinlilərin öz torpaqlarına daxil olmasına maneələr yaradıldığı da qeyd edilir.