#Pilot zona

UNIFIL-in məlumatına görə, İsrail ordusu çərşənbə günü Cənubi Livan istiqamətində 113 mərmi atıb. Bu, 21 iyundan bəri qeydə alınan ən yüksək gündəlik göstərici hesab olunur. BMT missiyası bunu iyunun 26-da əldə olunmuş "pilot zona" razılaşmasından sonra ən ciddi pozuntulardan biri kimi qiymətləndirib. Qurum tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə və razılaşmalara riayət etməyə çağırıb.

Analitiklər Romada keçirilən İsrail–Livan danışıqlarının İsrail ordusunun əlavə geri çəkilməsi ilə nəticələnəcəyini gözləmirlər. İsrail Hizbullahın silahsızlaşdırılması və beynəlxalq yoxlama mexanizminin yaradılmasını əsas şərt kimi irəli sürür. Livan isə İsrailin işğal etdiyi 60-dan çox yaşayış məntəqəsini tərk etməsini tələb edir. Tərəflər hələ də prosesə nəzarət edəcək üçüncü tərəf barədə razılığa gələ bilməyiblər. ABŞ isə mexanizm formalaşmadan yeni geri çəkilmələrin baş verməyəcəyini bildirir.