#Çabahar limanı

CENTCOM ABŞ qüvvələrinin İranın Çabahar limanındakı müşahidə qülləsini məhv etdiyini bildirib. Açıqlamaya görə, qüllə ötən gün həyata keçirilən hücumlar zamanı vurulub. ABŞ komandanlığı həmin qurğunun dəniz müşahidə şəbəkəsinin bir hissəsi olduğunu iddia edib. Bildirilib ki, bu şəbəkə Hörmüz boğazından keçən kommersiya gəmələrinin izlənilməsi üçün istifadə olunub. CENTCOM qüllənin gəmilərin hədəfə alınmasında da rol oynadığını irəli sürüb. Hücumun həyata keçirilmə üsulu barədə məlumat açıqlanmayıb. Mümkün insan itkiləri haqqında da məlumat verilməyib. İran tərəfi hələlik iddialara cavab verməyib.

İran ABŞ-ni Çabahar limanındakı dəniz nəqliyyatına nəzarət qülləsini raketlərlə vurmaqda ittiham edib. Tasnim agentliyinin yaydığı məlumata görə, obyektə üç raket zərbəsi endirildiyi iddia olunur. İran rəsmiləri qüllənin tamamilə mülki təyinatlı olduğunu bildiriblər. Onların sözlərinə görə, hücum balıqçıların fəaliyyətinə və mülki gəmiçiliyin təhlükəsizliyinə mənfi təsir göstərib. Tehran hadisəni "ağır cinayət" adlandırıb və ABŞ-ni beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham edib. ABŞ tərəfi bu iddialara hələlik cavab verməyib. Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Regionda gərginlik davam edir.