#Abdulla bin Zayed Əl Nəhyan

Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında yüksək səviyyəli diplomatik təmas baş tutub. Xarici işlər nazirləri Abdullah bin Zayed Əl Nəhyan və Abbas Əraqçi telefon danışığında regionda yaranmış vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər. BƏƏ tərəfi bölgədə hərbi əməliyyatların dayandırılması və mövcud razılaşmaların bütün müddəalarına əməl edilməsinin vacibliyini vurğulayıb. Danışıq zamanı dövlətlərin suverenliyinə hörmət, beynəlxalq hüquqa riayət və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin qorunması məsələləri də ön plana çıxıb. Abdulla bin Zayed Əl Nəhyan ABŞ ilə İran arasında davam edən danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, davamlı təhlükəsizlik və sabitliyə yalnız diplomatik yollarla nail olmaq mümkündür. BƏƏ rəsmisi məsuliyyətli dialoqun bütün regional böhranların həlli üçün əsas vasitə olduğunu vurğulayıb. Telefon danışığı regionda gərginliyin azaldılması istiqamətində aparılan diplomatik səylərin davam etdiyini göstərir.