#Ankara sammiti

ABŞ Prezidenti Donald Trampın NATO sammitində çıxışı müttəfiq ölkələr arasında yenidən qarışıq reaksiyalara səbəb olub. Sammit öncəsi NATO liderləri Trampın alyansa qarşı sərt mövqe nümayiş etdirib-etdirməyəcəyini gözləyirdilər. Nəticədə ABŞ lideri həm NATO-nu tənqid edən əvvəlki ritorikasını davam etdirib, həm də müttəfiqlərini müdafiə xərclərini artırdıqlarına görə yüksək qiymətləndirib. Tramp qapalı keçirilən NATO liderləri görüşünü müsbət atmosferdə təsvir edib və toplantıda “sevgi” olduğunu bildirib. Diplomatlar hesab edirlər ki, ABŞ prezidentinin dəyişkən mövqeyi NATO daxilində əlavə diplomatik səylər tələb edir və transatlantik ittifaqın gələcək sabitliyi üçün liderlər arasında balanslı münasibətlərin qorunması vacibdir.

2026-cı il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammiti alyansın gələcək istiqamətlərini müəyyənləşdirəcək ən mühüm toplantılardan biri kimi qiymətləndirilir. Analitiklərin fikrincə, NATO 2004-cü ildə İstanbul sammitində kollektiv müdafiə ittifaqından qlobal təhlükəsizlik aktoruna çevrilmə prosesini rəsmiləşdirdiyi kimi, Ankara sammitində də yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən formalaşma mərhələsinə daxil ola bilər.