#dənizçilər

BMT Hörmüz boğazında qalan təxminən 6 min dənizçinin təhlükəsiz təxliyəsinə çağırış edib. Təşkilatın insan hüquqları üzrə ali komissarı Folker Türk münaqişə tərəflərini humanitar addımlar atmağa çağırıb. Bildirilib ki, dənizçilərin gəmilərdən təhlükəsiz enməsi təmin edilməlidir. Eyni zamanda həyati əhəmiyyət daşıyan təchizatın bölgəyə çatdırılması da vacib hesab olunur. BMT mülki dənizçilərin təhlükəsizliyinin beynəlxalq hüququn tələbi olduğunu vurğulayıb. Hörmüz boğazında çox sayda dənizçi çıxılmaz vəziyyətdə qalmaqda davam edir. Münaqişə tərəfləri isə hələlik bu çağırışa rəsmi münasibət bildirməyiblər.

Beynəlxalq gəmiçilik təşkilatları Hörmüz boğazını hələ də müharibə zonası hesab edir. Bu qərar ötən həftə iki gəminin hücuma məruz qalmasından sonra qəbul olunub. Təşkilatlar bölgədə təhlükənin davam etdiyini və vəziyyətin dəyişkən olduğunu bildirirlər. Hörmüz boğazı ən azı iyulun 9-dək "müharibə əməliyyatları bölgəsi" statusunda qalacaq. Bu status dənizçilərin ikiqat əməkhaqqı almasını və əlavə təminatlardan istifadə etməsini nəzərdə tutur. Nəticədə gəmiçilik şirkətlərinin xərcləri artır. Fevralın 28-dən bəri bölgədə azı 14 dənizçi həlak olub, 40-dan çox gəmi hücuma məruz qalıb.

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsini müvəqqəti dayandırıb. Qərar bölgədə bir yük gəmisinə mərmi düşməsindən sonra verilib. Təşkilatın baş katibi Arsenio Dominqes bildirib ki, bəzi ekipajlar artıq təxliyə edilsə də, əməliyyatın davamı üçün təhlükəsizlik təminatları kifayət etmir. Onun sözlərinə görə, dənizçilərin və xilasetmə qruplarının təhlükəsizliyi təmin olunmadan təxliyə prosesini davam etdirmək mümkün deyil. Hörmüz boğazında son günlər yaşanan insidentlər beynəlxalq gəmiçiliyə dair narahatlıqları daha da artırıb. Bölgədəki gərginlik enerji daşımaları və dəniz nəqliyyatı üçün ciddi risk yaradır. BMT qurumu təhlükəsizlik şəraiti yaxşılaşdıqdan sonra təxliyə planlarına yenidən baxa bilər. Hadisə Hörmüz boğazında humanitar və təhlükəsizlik böhranının dərinləşdiyini göstərir.

Pakistan ABŞ tərəfindən saxlanılan Lenore/Davina gəmisinin 22 iranlı ekipaj üzvünün azad edildiyini açıqlayıb. Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, dənizçilər artıq Kəraçi şəhərinə gətiriliblər. Onun sözlərinə görə, Pakistan İrandakı diplomatik nümayəndəliklərlə birlikdə onların təhlükəsiz şəkildə vətənə qaytarılması üçün lazımi tədbirlər görür. Nazir qeyd edib ki, bu, son iki ay ərzində Pakistanın geri dönüşünə dəstək verdiyi dördüncü iranlı ekipaj qrupudur. Lenore/Davina gəmisinin ABŞ tərəfindən İranın dəniz ticarətinə tətbiq edilən məhdudiyyətlər çərçivəsində saxlanıldığı bildirilir. Pakistan humanitar məsələlərdə İranla əməkdaşlığı davam etdirdiyini vurğulayıb. Hadisə regionda dəniz daşımaları və sanksiyalarla bağlı müzakirələrin davam etdiyi bir dövrdə baş verib. Rəsmi açıqlamaya görə, ekipaj üzvlərinin tezliklə İrana qayıtması gözlənilir.

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Körfəz regionunda qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacağını açıqlayıb. Təşkilat rəhbəri Arsenio Dominges əməliyyatın ABŞ–İran sülh razılaşmasından sonra mümkün olduğunu bildirib. O, dəniz təhlükəsizliyinin bərpasının kritik əhəmiyyət daşıdığını qeyd edib. Təxliyə İran, Oman və digər sahil ölkələri ilə koordinasiyada aparılacaq. Dominges təhlükəsizlik təminatlarının artıq təsdiqləndiyini vurğulayıb. Bu addım qlobal dəniz nəqliyyatında gərginliyin azaldılması kimi qiymətləndirilir.

Oman sahillərində Madaqaskar bayrağı altında üzən “Marivex” neft tankerində yanğın baş verməsi ilə bağlı məlumat beynəlxalq dəniz nəqliyyatı dairələrinin diqqətini cəlb edib. Hindistan rəsmilərinin açıqlamasına görə, tankerin göyərtəsində olan 24 hindistanlı dənizçinin hamısı təhlükəsiz vəziyyətdədir və hadisə zamanı insan itkisi qeydə alınmayıb. Məlumata əsasən, gəmi yanğın baş verən vaxt yük daşımırdı. Hindistanın aidiyyəti qurumları hadisə ilə bağlı vəziyyəti nəzarətdə saxlayır və dənizçilərin təhlükəsizliyinin təmin olunması üçün müxtəlif dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərir. Yanğının səbəbi hələlik məlum deyil və hadisənin bütün təfərrüatlarının araşdırıldığı bildirilir. Rəsmilər yaxın günlərdə daha ətraflı məlumatın açıqlanacağını gözlədiklərini bildirirlər.