Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin 9-cu iclasında Türk dünyasında təhsil sahəsində inteqrasiyanın genişləndirilməsi, akademik mobilliyin artırılması və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi əsas müzakirə mövzuları olub. Toplantıda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təşkilat çərçivəsində həyata keçirilən layihələrin üzv ölkələr arasında elmi və təhsil əlaqələrinin inkişafına mühüm töhfə verdiyini bildirib. Görüş zamanı tələbə və müəllim mübadiləsi proqramları, vahid ali təhsil məkanının formalaşdırılması, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və yeni təhsil təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın ali təhsil sahəsində daha sistemli əməkdaşlıq mexanizmlərinin yaradılmasına dair təklifi də iştirakçılar tərəfindən diqqətlə qarşılanıb. İclasın yekununda təhsil sahəsində gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən bir sıra strateji sənədlər qəbul olunub.